10 C
Baku
Tuesday, April 29, 2025

Bazarda pay itirən “Premium Bank”ın səhmdarları mövqe qazanmaq istəyirlər

“Premium Bank” ASC nizamnamə kapitalını artırmaqla 175 mln. manata qədər yüksəldib.

Banker.az xəbər verir ki, səhmdarları bankın maliyyə dayanıqlığının yüksək səviyyədə olmasını, strateji hədəflərə nail olmasını daim diqqət mərkəzində saxlayır.

Belə ki, bank əlavə olaraq nominal dəyəri 154 manat olan 129 870 ədəd adi səhm emissiya edib və bununla da nizamnamə kapitalını 20 mln. manat artıraraq 174.6 mln. manata çatdırıb.

Buna qədər bankın nizamnamə kapitalı 154.6 mln. manat idi.

Bank 2024-cü ilin birinci rübünü 1.58 mln. manat xalis mənfəətlə tamamlasa da, bu, 2023-cü ilin müvafiq dövründə qeydə alınan 3.51 mln. manatdan, 2024-cü ilin müvafiq dövründə qeydə alınan 2.57 milyon manatdan aşağıdır. Bankın 2022-ci ilin əvvəlindəki 760.34 milyon manatlıq cəmi aktivləri 2025-ci ilin əvvəlinə 640.89 milyon manata düşüb. Beləliklə, 2022-2024-cü illərdə ölkənin bank sektorunun ümumilikdə aktivlərində 12 faiz artıma nail olarkən, “Premium Bank”ın aktivləri təqribən 16% kiçilib.

Bu kiçilmədə mühüm pay onun əsas fəaliyyət istiqaməti olan biznes kreditlərinin son üç ildə 477.03 mln. manatdan 350.14 mln. manata düşməsidir. Bu da o deməkdir ki, bankın ölkənin böyüyən kredit bazarındakı payı azalıb.

Bank press-relizində bu məsələyə də toxunur və bildirir ki, bankın İnkişaf strategiyası da yenilənib. Strategiyaya əsasən Bank daha çox riteyl (pərakəndə) bankçılığa fokuslanır.

“Həmçinin, rəqəmsal xidmətlərə investisiyanın artırılması, rəqabətə davamlı və çevik yeni bank məhsullarının əhaliyə təqdim edilməsi prosesi icra edilir. Yeni Strategiya üzrə aparılan işlərin nəticəsi olaraq “Premium Bank”ın istehlak kreditləri portfeli artıb”- deyə, məlumatda bildirilir.

Bu göstəricilər bankın istehlak krediti portfelində də müşahidə edilməkdədir. Məsələn, 2022-ci ilin əvvəlindəki 1.74 mln. manatlıq istehlak kreditinin həcmi cari ilin əvvəlinə 40.67 milyon manata qaldırılıb. Mövcud göstəricilər və açıqlamaları bankın biznes kreditlərindən daha çox istehlak seqmentinə yönəldiyini nümayiş etdirir. Lakin hazırda 8.6 mlrd. manatlıq bu bazarda böyük payçılar qalmaqdadır. Adıçəkilən bankın ölkə üzrə istehlak kreditlərindəki renkinqdə 16-cı yerdədir.

Xatırladaq ki, “Premium Bank” ASC-nin əsas səhmdarı sayılan Zərifə Həmzəyeva 2025-ci ilin yanvarında vəfat edib. Mərhum Z.Həmzəyevanın bankın kapitalındakı payı 84.47 faiz idi.

Son xəbərlər
Digər xəbərlər