Qazaxıstan uzunmüddətli xarici investisiyaların cəlb edilməsinə yönəlmiş yeni viza proqramına başlayır.
Xarici İşlər Nazirliyinin Mətbuat xidmətinin verdiyi məlumata görə, qurumun təşəbbüsü ilə “qızıl” adlanan investor vizasının alınması üçün yeni qaydalar təsdiq edilib.
“Yeni qaydalara əsasən, Qazaxıstan şirkətlərinin nizamnamə kapitalına və ya yerli qiymətli kağızlara ən azı 300 min ABŞ dolları məbləğində sərmayə qoyan xarici vətəndaşlar investor vizası üçün elektron ərizə təqdim edə biləcəklər”, – məlumatda deyilir.
Bu “qızıl” viza sonradan Qazaxıstanda 10 ilə qədər yaşamaq icazəsi almaq imkanı verir.
Qeyd edək ki, yenilik Qazaxıstanın açıqlığa, kapitalın qorunmasına və davamlı beynəlxalq iqtisadi əlaqələrin inkişafına strateji diqqətini əks etdirir.
Sənəd dərc edildiyi gündən 10 gün sonra qüvvəyə minir.