Prezident Trampın tarif siyasətinin xaotik şəkildə həyata keçirilməsi Federal Ehtiyat Sistemini çətin bir seçim qarşısında qoyur.
Banker.az xəbər verir ki, bu barədə Nik Timiraos “Wall Street Journal”da bildirir.
“Ya resessiya riskini gözə almaq, ya da stagflyasiya (eyni vaxtda inflyasiya və iqtisadi durğunluq) ilə üzləşmək”.
O deyir ki, bu siyasət dilemması FED-in qarşıdakı iki günlük iclasında əsas müzakirə mövzusu olacaq. Gözlənilir ki, vəzifəli şəxslər faiz dərəcələrinin azaldılması məsələsində ehtiyatlı mövqelərini saxlayacaqlar.
FED sədri Cerom Pauell və onun həmkarları “gözləmə və müşahidə” yanaşmasını təkrarlayacaqlar, inflyasiyanın cilovlanmasında əldə olunmuş irəliləyişə xələl gətirməmək üçün siyasətin vaxtından əvvəl yumşaldılmasına tərəddüdlə yanaşdıqlarını vurğulayacaqlar.
Pauell keçən ay bunu belə ifadə etmişdi: “Şübhəsiz ki, çox çətin bir qərar verməli olacağıq.”
Bu vəziyyət bəzən qapıçı dilemmasına bənzədilir – ya inflyasiyanı cilovlamaq üçün yerində qalmalı, ya da zəifləyən iqtisadiyyata dəstək vermək üçün sürətli hərəkət etməlisən. Lakin FED qabaqlayıcı tədbir görməyə ehtiyatla yanaşır, xüsusən də tariflərin təchizat zəncirində pozuntular yaradaraq qısamüddətli inflyasiyanı artırma riski olduğu bir vaxtda.
“Bu, Fed-in sadəcə iqtisadi zəifləmə proqnozuna əsaslanaraq qabaqlayıcı şəkildə faiz endirəcəyi bir dövr olmayacaq,” – deyə hazırda ABŞ-dəki “PIMOCO” investisiya şirkətində çalışan keçmiş FED sədr müavini Riçard Klarida bildirib.
“Onlar bunu konkret rəqəmlərdə, xüsusən də əmək bazarında görməlidirlər.”
Banker.az xatırladır ki, sabah ABŞ FED-i uçot faiz dərəcəsinə dair qərar verir. Svop bazarının qiymətləndirməsinə əsasən 95.6% şəxs faiz dəhlizini hazırkı 4.25-4.5 intervalında dəyişməz saxlayacaq.