Rusiya prezidenti Vladimir Putin İranın xarici işlər naziri Abbas Əraqçi ilə bu gün, iyunun 23-də görüşəcək. Bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov məlumat verib.
“Prezident İranın xarici işlər naziri Abbas Əraqçini Kremldə qəbul edəcək. Müzakirə mövzusu son dərəcə aydındır”, – mesajda deyilir.
İran və İsrail arasında münaqişə iyunun 13-də başlayıb. Həmin gün İsrail ordusu İranın nüvə obyektlərinə zərbələr endirib və bir sıra yüksək rütbəli İran hərbçilərini məhv edib. Buna cavab olaraq Tehran Tel-Əvivi raket və pilotsuz təyyarələrlə atəşə tutmağa başlayıb. Hərbi əməliyyatlar davam edir.