18 C
Baku
Tuesday, June 24, 2025

Ədliyyə orqanları və icra məmurları haqqında dəyişiklik son oxunuşda qəbul edilib

Milli Məclis ədliyyə orqanlarının xüsusi xəzinə hesabının yaradılması və icra sənədinin üzrsüz səbəbdən icra edilməməsinə görə ödəniləcək rüsumların artırılması haqqında ayrı-ayrı qanuna dəyişiklikləri son oxunuşda qəbul edib.

Bu barədə “İcra məmurları haqqında”, “İcra haqqında” və “Ədliyyə orqanlarında qulluq keçmə haqqında” qanunlara təklif edilən dəyişikliklər parlamentin növbədənkənar sessiyasının bugünkü plenar iclasında müzakirə edilib.

Layihəyə əsasən, icra və probasiya xidmətləri icra məmurlarının həvəsləndirilməsi və sosial müdafiəsi məqsədilə ədliyyə orqanlarının xüsusi xəzinə hesabının vəsaitindən istifadə ediləcək.

Qüvvədə olan qanunvericiliyə görə isə müvafiq ödənişlər icra xidməti icra məmurlarının xüsusi fondu hesabına həyata keçirilirdi.

Daha bir dəyişikliklə icra sənədi könüllü icra üçün müəyyən olunmuş vaxtda borclu tərəfindən üzrsüz səbəbdən icra edilmədikdə, icra məmurunun borcludan tutmalı olduğu pul məbləğinin miqdarı artırılır. Belə ki, bu halda alınmalı olan icra ödənişinin məbləği 7 faizdən 10 faizə qaldırılır.

Qanuna təklif edilən digər bir dəyişikliyə görə isə qeyri-əmlak xarakterli tələbin nəzərdə tutulduğu icra sənədi icra edilmədikdə, borclu fiziki şəxsdən 100 manat, borclu hüquqi şəxsdən isə 500 manat manat miqdarında icra ödənişi alınacaq.

Qüvvədə olan qanuna görə bu məbləğ müvafiq olaraq 11 və 55 manat idi.

Dəyişiklik layihəsi müzakirələrdən sonra səsverməyə çıxarılaraq üçüncü oxunuşda qəbul edilib.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər