“Apple” korporasiyası 13 il ərzində ilk dəfədir kvartal göstəricilərinin azalması barədə hesabatla çıxış edib.
İkinci kvartalda gəlir 13% azalaraq 50,6 milyard dollar, xalis gəlir 22% azalaraq 10,5 milyard dollar təşkil edib.
Azalma “Apple”ın əsas məhsulu “iPhone”un satış həcminin aşağı düşməsi ilə bağlıdır. Çində ötən ilin eyni dövrü ilə müqayisədə “iPhone” satışları 26%, ABŞ-da isə 10% azalıb. Nəticədə “Apple” ötən ilin müvafiq dövrünə nisbətən 16% daha az “iPhone” satıb.
“The Nerw York Times” yazır ki, korporasiya “Apple Music”, “iCloud” və “Apple Watch” üçün aksessuarların satışına böyük ümid bəsləyir. Lakin böyük gözləntilərin əksinə, “iPad” satışlarında da azalma var.
Bütün bunlara rəğmən, “Apple” beşinci ildir ardıcıl olaraq Silikon vadisinin ən çox gəlir əldə edən şirkətlərinin siyahısında birinciliyi əldən vermir. Silikon vadisi şirkətlərinin gəlirlərinin 40%-dən çoxu “Apple”ın payına düşür. Korporasiyanın maliyyə göstəriciləri “Alphabet”i üç dəfədən çox üstələyir. Ötən il “Apple”ın gəlirləri 18% artdığı halda, digər şirkətlərin gəlirlərində 6,8% artım qeydə alınıb. Bununla bərabər “Apple” borc göstəricilərində də liderdir – 77%.
Lent.az