24 C
Baku
Friday, June 27, 2025

“Fitch” Azərbaycan manatının növbəti 5 ildə sabit qalacağını gözləyir

“Fitch Ratings” beynəlxalq reytinq agentliyinin proqnozuna görə, Azərbaycan manatının ABŞ dollarına de-fakto bağlılığı ən azı 2030-cu ilin sonuna qədər 1,7 manat səviyyəsində saxlanılacaq.

“Fitch”in məlumatına əsasən, hakimiyyətin ortamüddətli perspektivdə valyuta çevikliyinin tədricən artırılması ilə bağlı planları elan etməsinə baxmayaraq, sabit məzənnənin saxlanılması əsas siyasi prioritetlərdən biri hesab olunur.

Agentlik qeyd edir ki, Azərbaycan Mərkəzi Bankı bank sistemində struktur likvidlik artıqlığının idarə edilməsi alətlərini inkişaf etdirməyə davam edir, həmçinin pul-kredit siyasətinin transmissiya mexanizminin səmərəliliyini gücləndirir.

“Buna baxmayaraq, monetar qərarların iqtisadiyyata təsiri məhdud olaraq qalır”, – “Fitch” analitikləri vurğulayırlar. Onlar məhdudlaşdırıcı amillər arasında daxili pul bazarlarının yetərincə inkişaf etməməsini, bank sektorunda yüksək likvidliyi, həmçinin dollarlaşmanın əhəmiyyətli səviyyəsini qeyd edirlər. 2025-ci ilin aprel ayına depozitlərin 40 %-ə qədəri azalma tendensiyasına baxmayaraq, xarici valyutada ifadə olunur”, – agentlik vurğulayır.

Azərbaycan Mərkəzi Bankı inflyasiyanın qarşısını almaq və makroiqtisadi vəziyyəti sabitləşdirmək məqsədilə 2017-ci ildə milli valyutanın 1 ABŞ dollarına nisbətən məzənnəsini 1,7 manat səviyyəsində müəyyən edib.

Qeyd edək ki, “Fitch” ilə yanaşı, Niderlandın “ING Group”u və Asiya İnkişaf Bankının analitikləri də manatın dollara bağlılığının 2026-cı ilə qədər saxlanılacağını gözləyirlər. Öz növbəsində, Azərbaycan İqtisadiyyat Nazirliyi və “S&P Global Ratings” beynəlxalq reytinq agentliyi mövcud sabit məzənnə rejiminin ən azı 2028-ci ilin sonuna qədər saxlanılacağını proqnozlaşdırır.

MənbəREPORT
Son xəbərlər
Digər xəbərlər