Azərbaycanda nüvə texnologiyalarının tətbiqi ilə yeni pambıq sortları yaradılır.
Bunu Kənd Təsərrüfatı Nazirliyi və Atom Enerjisi üzrə Beynəlxalq Agentlik arasında layihələrin təmsilçisi Nəzakət İsmayılzadə bildirib.
Onun sözlərinə görə, tərəflər 2018-ci ildən əməkdaşlıq edir: “Əsas məqsəd kənd təsərrüfatında nüvə texnologiyalarının tətbiqi ilə məhsuldarlığın və keyfiyyətin artırılması, eləcə də ekoloji stress amillərinə-quraqlıq, şoranlıq və xəstəliklərə- davamlı yeni bitki sortlarının yaradılmasıdır. Bu çərçivədə həyata keçirilən pilot layihələrdən biri pambıq toxumçuluğunun inkişafına yönəlib. Nüvə texnologiyalarının digər seleksiya üsulları ilə birlikdə tətbiqi nəticəsində xəstəliklərə, quraqlığa və torpağın şorlaşmasına davamlı pambıq sortları yaradılır. Bu sortlar həm məhsuldarlıq, həm də keyfiyyət baxımından yüksək göstəricilərə malikdir”.
N.İsmayılzadə qeyd edib ki, əməkdaşlıq iqlim əsaslı innovativ texnologiyaların – müasir gübrələmə metodlarının, mütərəqqi suvarma üsullarının və inteqrir bitki mühafizə sxemlərinin tətbiqini də əhatə edir. Məqsəd “ağıllı kənd təsərrüfatı” təcrübəsinin ölkədə genişləndirilməsi, təbii ehtiyatlardan daha səmərəli istifadə edilməsi və dayanıqlı kənd təsərrüfatının inkişafının təmin olunmasıdır: “Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə birgə icra olunan bu layihələr nəticəsində bitkiçilikdə həm kəmiyyət, həm də keyfiyyət göstəricilərinin yüksəldilməsi istiqamətində mühüm irəliləyişlər əldə olunur. Aqrar sahədə nüvə texnologiyalarının tətbiqi məhsuldarlığın və keyfiyyətin artırılmasına, eyni zamanda ekoloji stress amillərinə, o cümlədən quraqlıq, xəstəliklər və şoranlığa qarşı davamlı məhsuldar sortların yaradılmasına yönəlib. Bu texnologiyaların əsas məqsədi kənd təsərrüfatında məhsulun həm kəmiyyətini, həm də keyfiyyətini yüksəltməkdir”.