İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Pirallahı Sənaye Parkında investisiya həcmi 129 milyon manata yaxın olan 7 sahibkarlıq subyektinə rezidentlik statusu verilib.
İZİA-dan bildirilib ki, sahibkarlar tərəfindən görülmüş işlərə ümumilikdə 56 milyon manata yaxın investisiya yatırılıb, 150-dən çox daimi iş yeri yaradılıb.
Pirallahı Sənaye Parkı ölkəmizdə investisiya mühitinin yaxşılaşdırılması, yeni iş yerlərinin yaradılması ilə yanaşı, həmçinin qeyri-neft sənayesi məhsullarının istehsalının artırılmasında və ixracının genişləndirilməsində mühüm rol oynayır. Parkda indiyədək 70 milyon manatlıq məhsul istehsal edilib. Bu ilin I yarısında Parkda 8,6 milyon manatlıq məhsul istehsal edilib ki, bu də ötən ilin analoji dövrü ilə müqayisədə təqribən 15 faiz çoxdur.
Qeyd edək ki, Pirallahı Sənaye Parkı dövlətimizin başçısının 2016-cı il 14 sentyabr tarixli Sərəncamı ilə yaradılıb. Park 30 hektar ərazini əhatə edir. Parkın ərazisi tam olaraq sahibkarların istifadəsinə verilib.