Danimarka Silahlı Qüvvələrinin rəhbərliyi hökumətə ümumi dəyəri 53 milyard kron (təxminən 8.3 milyard dollar) olan səkkiz ədəd yerüstü HHM (hava hücumundan müdafiə) sistemi almağı tövsiyə edib. Bu, ölkə tarixində ən böyük silah alışı ola bilər. Hazırda Danimarka ordusunun ən bahalı alışı 20 milyard kron (3.1 milyard dollar) dəyərində F-35 qırıcılarıdır.
İlkin olaraq iki orta mənzilli və bir uzaq mənzilli hava hücumundan müdafiə sisteminin alınması planlaşdırılırdı. Hazırda iki uzaq mənzilli və altı orta mənzilli sistemlərin alınması təklif olunur.
Tövsiyələr NATO-nun üzv ölkələrə tələblərinin artması ilə əsaslandırılır. Təşəbbüsün müzakirəsi dünən axşam keçirilməli idi. Bu gün isə müdafiə naziri Troels Lund Poulsen planları rəsmi olaraq açıqlamağı nəzərdə tutur.