“Amazon” tənzimləyicinin iddiası üzrə 2.5 milyard dollar ödəyəcək. Bu, “Amazon”a ABŞ Federal Ticarət Komissiyasının (FTC) hələ 2023-cü ildə ona qarşı qaldırdığı iddianı həll etməyə imkan verəcək.
Tənzimləyicinin fikrincə, “Amazon” milyonlarla müştərini bilərəkdən öz pullu xidməti “Prime”a abunə olmağa məcbur edib. Qeyd edək ki, ildə 139 dollar və ya ayda 15 dollara başa gələn bu xidmət istifadəçilərə marketpleysdə endirimlərdən, pulsuz çatdırılmadan və digər üstünlüklərdən istifadə etməyə imkan verir. “Bloomberg” qeyd edir ki, nəticədə abunəçilər abunəsiz müştərilərə nisbətən daha tez-tez alış-veriş edir və daha çox pul xərcləyirlər.
Tənzimləyici ilə əldə olunan razılaşmaya görə, korporasiya abunəliyin şərtlərini açıq şəkildə təqdim etməli, onları nəzərəçarpacaq yerdə yerləşdirməli, vəsaitin silinməsindən əvvəl istifadəçinin razılığını almalı və abunəni ləğv etmək üçün sadə üsul təmin etməlidir.
CNBC-nin məlumatına görə, bu, ABŞ Federal Ticarət Komissiyasının tarixində ən iri cərimələrdən biridir. Qeyd edək ki, “Amazon” üçün 2.5 milyard dollar şirkətin bazar kapitallaşmasının təxminən 0.1%-ni təşkil edir.