“Meta” şirkəti Böyük Britaniyada “Facebook” və “Instagram” istifadəçilərinə reklamsız abunə xidməti təklif edəcək.
Yeni xidmət yaxın həftələrdə istifadəyə veriləcək.
Abunə haqqı veb versiyada ayda 2,99 funt sterlinq, smartfon vasitəsilə qoşulanda isə 3,99 funt sterlinq olacaq.
İstifadəçilər ya proqramlardan pulsuz istifadəni davam etdirib reklamları izləmək, ya da ödənişli abunə ilə reklamlardan azad olmaq barədə seçim edə biləcəklər. “Meta” bildirib ki, ödənişli abunəyə qoşulanların şəxsi məlumatları reklam məqsədləri üçün istifadə olunmayacaq. Şirkət bütün 18 yaşdan yuxarı britaniyalı istifadəçilərə bu seçim barədə bildiriş göndərəcəyini açıqlayıb.
Yeni ödənişli xidmət “Meta”nın onlayn məxfiliklə bağlı illərlə davam edən məhkəmə çəkişmələrindən sonra istifadəyə verilir.