2010-cu ilin iyununda Bill Qeyts, Melinda Qeyts və Uorren Baffet tarixdəki ən genişmiqyaslı xeyriyyə təşəbbüsünü — “Bağışlama Andı”nı (The Giving Pledge) başlatmışdılar. CNBC yazır ki, bu üçlük öz sərvətlərinin böyük hissəsini xeyriyyə məqsədlərinə yönəltməyə söz verdi və digər milyarderlərə də həyatda ikən və ya ölümündən sonra sərvətlərinin azı yarısını ianə etməyi təklif etmişdilər.
İlk iki ayda “Bağışlama Andı”na ABŞ-ın 40 ən varlı ailə və fərdi şəxs qoşuldu. Onların arasında Maykl Blumberq və Devid Rokfeller kimi adlar da vardı.
O vaxtdan bəri təşəbbüsə qoşulanların payı azalıb. Siyasi Tədqiqatlar İnstitutunun (IPS) son hesabatına görə, 2010-cu ilin sonuna qədər ABŞ-dakı milyarderlərin 14%-i, yəni 57 nəfər “Bağışlama Andı”na imza atmışdı. Hazırda isə ümumilikdə 256 nəfər, cütlük və ailə bu təşəbbüsün iştirakçısıdır. Onların arasında 110 amerikalı milyarder də var. Forbes hesablamalarına görə, bu, ABŞ-dakı milyarderlərin təxminən 12%-ni təşkil edir.
2010-cu ildən bəri hər il andı qəbul edən milyarderlərin sayı da azalıb. Hətta pandemiya dövründə — 2020-ci ildə belə, təşəbbüsə cəmi 12 yeni iştirakçı qoşulub. 2024-cü ildə bu rəqəm rekord səviyyədə — cəmi 4 nəfər idi. 2025-ci ilin mayında isə vəziyyət bir qədər yaxşılaşaraq 11 yeni adın qoşulması ilə nəticələnib.
Təşəbbüsün effektivliyi sual altındadır. IPS hesabatında “Bağışlama Andı” “yerinə yetirilməmiş və yerinə yetirilməsi çətin təşəbbüs” adlandırılıb. İndiyədək yalnız bir cütlük — Con və Lora Arnoldlar — vədlərini tam şəkildə yerinə yetirib.
“Bağışlama Andı”nın nümayəndəsi isə IPS hesabatını “yanıldıcı” adlandırıb və institutun natamam məlumatlardan istifadə etdiyini, həmçinin “xeyriyyəçilik fondlarına edilən mühüm ianələri nəzərə almadığını” bildirib.
“On beş il ərzində ‘Bağışlama Andı’ səxavət mədəniyyətinin formalaşmasına yardım edib və aktiv, bir-birinə bağlı qlobal icmaya çevrilib”, — deyə təşkilatın nümayəndəsi Inside Wealth nəşrinə açıqlamasında bildirib.
Eyni zamanda, müşahidəçilər qeyd edirlər ki, bu təşəbbüs varlı insanlar arasında xeyriyyəçilik anlayışına uzunmüddətli təsir göstərib. Bəzi milyarderlər, xüsusilə də gənc nəsil, özlərini Qeyts və Baffetlə eyniləşdirmək istəməsələr də, bu, onların ianə etmədiyi anlamına gəlmir.
“İmpakt investisiya” və ənənəvi xeyriyyəçiliyə alternativ modellər xüsusilə texnologiya milyarderləri arasında getdikcə populyarlaşır. Məsələn, Oracle şirkətinin rəhbəri Lerri Ellison vəsiyyətini dəyişərək vəsaitini qeyri-kommersiya təşkilatlarına deyil, texnoloji araşdırmalara yönəldib.
Milyarder və risk kapitalı investoru Mark Andriessen isə hesab edir ki, texnoloji innovasiyaların tətbiqi və bu prosesdə şəxsi sərvət qazanmaq — özü-özlüyündə artıq filantropiyadır.
“Yeni texnologiyadan daha çox kim faydalanır: onu yaradan şirkət, yoxsa onu həyatını yaxşılaşdırmaq üçün istifadə edən milyonlarla insan?”, — deyə o, 2023-cü ildə yazmışdı.
Bill Qeytsin yaxın 20 il ərzində demək olar ki, bütün sərvətini ianə etməklə bağlı son açıqlaması “Bağışlama Andı”na yeni nəfəs verə bilər. Mütəxəssislər hesab edirlər ki, hələ bəlli deyil — bu təşəbbüs zamanla öz aktuallığını itirəcək qapalı bir klub kimi qalacaq, yoxsa daha böyük bir hərəkatın başlanğıc nöqtəsinə çevriləcək.