20 C
Baku
Friday, October 10, 2025

“Ferrari” səhmləri rekord 12% düşüb

İtaliyanın idman avtomobilləri istehsalçısı “Ferrari”nin bazar dəyəri cümə axşamı günü 12% azalıb. Buna səbəb şirkətin cari il və orta müddətli dövr üçün yenilənmiş proqnozlarını təqdim etməsi olub. Bəzi analitiklər bu proqnozları “həddən artıq ehtiyatlı” adlandırıblar.

“Ferrari” cari il üçün gəlir proqnozunu əvvəlki 7 milyard avrodan ən azı 7,1 milyard avroya, düzəldilmiş EBITDA göstəricisini isə 2,68 milyarddan ən azı 2,72 milyard avroya qaldırıb.

Şirkət 2030-cu ilə qədər düzəldilmiş EBITDA-nı 3,6 milyard avroya, gəliri isə 9 milyard avroya çatdırmağı planlaşdırır. “RBC Capital Markets” analitiki Tom Narayan qeyd edib ki, bu hədəf illik orta EBITDA artım tempini 6% səviyyəsində nəzərdə tutur, halbuki əvvəlki strategiyada bu göstərici ildə 10% artım kimi planlaşdırılmışdı.

Şirkət rəhbərliyi 2026–2030-cu illər arasında istehsal əməliyyatlarından təxminən 8 milyard avro sərbəst pul axını əldə etməyi düşünür.

“Ferrari” 2027–2031-ci illər arasında səhmdarlara təxminən 7 milyard avro qaytarmağı planlaşdırır. Bunun üçün şirkət 3,5 milyard avroluq səhmlərin geri alışı proqramı elan edib və dividend ödənişlərini düzəldilmiş xalis mənfəətin 35%-dən 40%-ə qaldırmaq qərarına gəlib.

Cümə axşamı keçirilən ticarət sessiyasında “Ferrari” səhmləri 12,2% ucuzlaşıb — bu, 2016-cı ildən bəri ən kəskin enişdir.

Daha əvvəl bildirilmişdi ki, “Tesla” daha əlçatan Model Y krossoveri və Model 3 sedanlarını təqdim edib. “Aston Martin Lagonda” isə illik proqnozunu pisləşdirərək, 2025-ci il üzrə düzəldilmiş zərər gözlədiyini açıqlayıb.

Son xəbərlər
Digər xəbərlər