19 C
Baku
Friday, October 10, 2025

Şimali Koreyalı hakerlər 2025-ci ilin əvvəlindən $2 milyarddan çox kriptovalyuta oğurlayıblar

Analitika şirkəti “Elliptic”in hesablamalarına görə, Şimali Koreya hakerləri 2025-ci ilin əvvəlindən bəri 2 milyard dollardan çox vəsait oğurlayıblar. Bunun 1,46 milyard dolları “Bybit” kriptobirjasına, 500 milyon dollardan çoxu isə “LND.fi”, “WOO X”, “Seedify” və digər servislərə edilən hücumlara düşür.

Ümumilikdə şirkət 2025-ci ildə Şimali Koreya qrupları ilə əlaqəli 30-dan çox insidenti qeyd edib. Onların arasında varlı şəxslərin hesablarının “hack” edilməsi də var.

“Elliptic” qeyd edir ki, kiber cinayətkarlar taktikanı dəyişiblər. Əgər əvvəllər onlar xidmətlərin infrastrukturundakı zəif nöqtələri axtarırdılarsa, indi sosial mühəndislik üsullarından istifadə edirlər — kriptoşirkətlərin əməkdaşlarını və kriptovalyuta sahiblərini aldadaraq manipulyasiya edirlər. “Reuters”in məlumatına görə, hakerlər həmçinin uzaqdan işləyən mütəxəssislər kimi kripto və İT şirkətlərinə işə düzələrək hücumları “daxildən” təşkil edirlər.

Oğurlanmış vəsaitlər “mikser”, krosçeyn əməliyyatları və az tanınan blokçeynlər vasitəsilə “yuyulur”, daha sonra “təmiz ehtiyat” cüzdanına köçürülür, daha sonra tokenlər buraxılır və satılır. Qeyd edək ki, “Bybit” kriptobirjasına hücum edilən zaman məhz bu sxem tətbiq olunub.

“Elliptic”in bildirdiyinə görə, 2025-ci il Şimali Koreya qrupları üçün “ən gəlirli” il olub. “Chainalysis”in məlumatına əsasən, 2024-cü ildə onlar təxminən 1,34 milyard dollar, 2023-cü ildə isə 660 milyon dollardan çox vəsait oğurlayıblar. Ümumilikdə 2017-ci ildən bəri Şimali Koreyalı hakerlər təxminən 6 milyard dollar mənimsəyiblər.

Son xəbərlər
Digər xəbərlər