19 C
Baku
Friday, October 10, 2025

Trilyon dollarlıq süni intellekt “köpüyü” – artan narahatlıqlar nədən xəbər verir?

İnvestorlar süni intellekt  sahəsinə trilyonlarla dollar yatırır, bu texnologiyanın gələcəyinə inanırlar. Amma sual qalır: bu nəhəng sərmayələr real gəlir gətirəcəkmi?

Süni intellekt bumunun zirvəsinə çatdığı bir vaxtda bazarda artıq dotcom dövrünün təkrarlanacağı ilə bağlı qorxular artır. 1990-cı illərin sonlarında internet startaplarının “qızıl dövrü” necə fəlakətlə bitdisə, indi də bənzər bir ssenaridən ehtiyat edilir.

Texnologiya nəhəngləri – OpenAI, Meta, Nvidia, Amazon və başqaları – süni intellektin inkişafı üçün yüz milyardlarla dollar xərcləyir. Bu sərmayələr təkcə ChatGPT, Gemini və Claude kimi söhbət botlarının populyarlığına cavab vermək üçün deyil, həm də insan əməyindən maşınlara keçid mərhələsinə hazırlaşmaq üçündür.

Ümumi hesabda bu xərclərin məbləği trilyonlarla dollara çata bilər. Vəsaitlərin bir qismi vençur kapitalından, bir qismi borc bazarlarından, digəri isə Wall Street-də çaşqınlıq yaradan yeni və qeyri-ənənəvi maliyyə mexanizmlərindən gəlir.

Hətta süni intellektin ən sadiq tərəfdarları belə etiraf edir ki, bazar hələ qeyri-sabitdir. Amma onların fikrincə, süni intellekt uzunmüddətli perspektivdə tibb, sənaye, təhsil və elmin inkişafını köklü şəkildə dəyişəcək.

Bununla belə, tarixdə heç bir texnologiyaya bu qədər qısa müddətdə bu qədər pul xərclənməyib. Süni intellektin kommersiya modeli hələ tam şəkildə özünü doğrultmayıb.

Bir çox texnologiya rəhbərləri gizlincə etiraf edirlər ki süni intellektin real gəlir modelini başa düşmürlər, amma rəqabətdən geri qalmaq qorxusundan investisiyanı dayandırmağa cəsarət etmirlər. Çünki bu yarışda dayanmaq, gələcəyin süni intellekt bazarından kənarda qalmaq deməkdir.

Nə baş verir: Artan narahatlıq siqnalları

Yanvar ayında OpenAI-nin baş direktoru Sem Altman Ağ Evdə digər rəhbərlərlə görüşdə 500 milyard dollarlıq “Stargate” adlı infrastruktur planını təqdim etdi. Bu, bir çoxlarını şoka saldı. Ardınca Meta rəhbəri Mark Zukerberq yüz milyardlarla dollarlıq data mərkəzi investisiyalarını elan etdi.

Rəqiblərdən geri qalmamaq üçün Altman daha da irəli gedərək bildirdi ki, OpenAI gələcək illərdə “trilyonlarla dollar”lıq süni intellek infrastrukturu qura bilər.

Sentyabrda Nvidia şirkəti OpenAI-nin data mərkəzlərinin inşasına 100 milyard dollara qədər investisiya etməyi planlaşdırdığını açıqladı. Analitiklər bu addımı “müştəriləri xərcləməyə davam etsin deyə” çip istehsalçısının öz bazarını qoruma cəhdi kimi qiymətləndirirlər.

Nvidia artıq illərdir süni intellekt üçün lazım olan hesablama çiplərinin əsas təchizatçısıdır və onlarla süni intellek şirkətinə sərmayə qoyub. Lakin OpenAI ilə əməkdaşlıq indiyə qədər olanların ən böyüyüdür.

Borc hesabına qurulan gələcək

OpenAI həmçinin bəyan edib ki, bu layihələri maliyyələşdirmək üçün Microsoft və Oracle kimi tərəfdaşlara arxalanmadan, borc bazarlarından vəsait cəlb edə bilər.
Lakin fərq ondadır ki, bu nəhənglərin uzun illərdir gəlir gətirən sabit biznesləri var. OpenAI-nin özü isə, The Information yazdığına görə, 2029-cu ilə qədər 115 milyard dollar xərcləməyi planlaşdırır.

Eyni tendensiya digər nəhənglərdə də müşahidə olunur. Meta Luizianada Manhetten ölçüsündə data mərkəzi kompleksinin inşası üçün 26 milyard dollar kredit götürüb.
JPMorgan və Mitsubishi UFJ Financial Group da Vantage Data Centers layihəsinə 22 milyard dollarlıq maliyyə təminatı ayırıb.

Böyük vədlər, amma qeyri-müəyyən gəlir

Süni intellekt bumu sürətlə böyüyür, amma hələlik real gəlirlilik modeli formalaşmayıb. Şirkətlər trilyonlarla dollar xərcləyir, lakin bu xərclərin özünü doğruldacağına heç kim əmin deyil.

Bain & Co. konsaltinq şirkətinin sentyabr hesabatına görə, 2030-cu ilə qədər süni intellek sektorunda fəaliyyət göstərən şirkətlərin yalnız hesablama gücünü təmin etmək üçün ildə azı 2 trilyon dollar gəlirə ehtiyacı olacaq. Amma gözlənilən faktiki gəlir bu rəqəmdən təxminən 800 milyard dollar az olacaq.

Greenlight Capital-ın rəhbəri və tanınmış hedc-fond meneceri Devid Eynhorn vəziyyəti belə şərh edir:

“Səsləndirilən rəqəmlər ağlasığmazdır. Mən inanmıram ki, bu pullar tamamilə itəcək, amma bu dövrdə kapitalların nəhəng bir hissəsinin məhv olacağı demək olar ki, qaçılmazdır”.

 “Data mərkəzi – qızıl hərisliyi”

Süni intellek infrastrukturu ətrafında yaranan “qızıl hərisliyi”ndən sui-istifadə edən çoxsaylı riskli şirkətlər meydana çıxır.
Məsələn, Amsterdamda fəaliyyət göstərən Nebius – 2024-cü ildə “Yandex”dən ayrılan bulud provayderi – bu yaxınlarda Microsoft-la 19,4 milyard dollarlıq müqavilə imzalayıb.
Digər az tanınan britaniyalı tikinti şirkəti Nscale də artıq Nvidia, OpenAI və Microsoft ilə əməkdaşlıq edir. Qeyd edək ki, Nscale əvvəllər kriptovalyuta mayninqi sahəsində fəaliyyət göstərirdi və indi eyni infrastrukturla süni intellekt bazarına girib.

Bloomberg-in “Opinion” yazarı Con Auters bu vəziyyəti belə ifadə edir:

“Süni intellekt birmənalı şəkildə bütün iş proseslərimizi dəyişəcək. Amma Şumpeterin dediyi kimi, hər yaradıcı çevriliş bir az dağıdıcılıq da gətirir – yəni bu prosesdən zərər görmədən əvvəl faydasını hiss etməyəcəyik.”

Texnologiyanın özü ilə bağlı şübhələr

Süni intellek texnologiyasına yönələn rekord xərclər fonunda, bu sərmayələrin geri dönüşü barədə skeptisizm artır.
Avqustda Massaçusets Texnologiya İnstitutunun (MIT) tədqiqatçıları müəyyən ediblər ki, şirkətlərin 95%-i süni intellek layihələrindən heç bir real nəticə əldə etməyib.

Buna cavab olaraq Harvard və Stanford universitetlərinin alimləri maraqlı izah irəli sürüblər: işçilər çox vaxt süni intellekdən istifadə edərək “iş tullantısı” (work junk) yaradırlar.
Bu anlayış “süni intellek tərəfindən yaradılan, zahirən faydalı görünən, amma əslində məhsuldarlığa real töhfə verməyən məhsullar” kimi izah edilir.

İllərlə düşünülürdü ki, süni intellekt məhsuldarlığı artıracaq, vaxt və resurslara qənaət edəcək.
Amma Harvard və Stanfordun yeni araşdırmaları göstərir ki, bu “iş tullantıları” əksinə, böyük şirkətlərə ildə milyonlarla dollar zərər vura bilər.

 “Qanunlar” işləmir?

Süni intellektin aparıcı şirkətləri – OpenAI, Anthropic, Google DeepMind və başqaları – uzun müddət “miqyas qanunları”na inanırdılar.
Bu yanaşmaya görə, daha çox məlumat, daha güclü çip və daha iri modellər yaratmaq texnologiyanı avtomatik şəkildə inkişaf etdirəcəkdi.
Amma son bir ildə bu qanun özünü doğrultmur: çoxlu xərclər, az irəliləyiş.

Məsələn, GPT-5 bir müddət “növbəti nəsil inqilabi model” kimi təqdim olunurdu.
Lakin avqustda təqdim edilən versiya gözləntiləri doğrultmadı və texnoloji ictimaiyyətdə məyusluq doğurdu.
Hətta Sem Altman da etiraf etdi:

“Hələ də bizdə nəsə çox vacib bir şey çatmır.”

Çin rəqabəti və enerji məhdudiyyətləri

Qlobal bazarda süni intellekt liderləri üçün yeni təzyiq Çindən gəlir.
Çin şirkətləri daha ucuz və əlçatan modellərlə bazarı ələ almağa çalışır.
Amerikalı nəhənglər hələlik innovasiya baxımından irəlidə olsalar da, Çinin qiymət siyasəti onların gəlirliyini ciddi şəkildə təhdid edir.

Bundan əlavə, sürətlə artan data mərkəzlərinin tikintisi və enerji tələbi ölkələrin elektrik şəbəkələrinə əlavə yük yaradır.
Bəzi analitiklər xəbərdarlıq edir ki, bu enerji məhdudiyyətləri yaxın illərdə süni intellek sənayesinin böyümə sürətini azalda bilər.

 Texnoloji eforiya, bazar riski və tarixi paralellər

Süni intellektin “balon”a çevrilə biləcəyi ilə bağlı narahatlıqların fonunda, sənaye liderləri optimizmlərini itirmir.
OpenAI rəhbəri Sem Altman, texnologiyaya olan ümumi həyəcanın artıq “həddindən artıq” səviyyəyə çatdığını etiraf etsə də, süni intellekin gələcəyinə inamını qoruyur:

“Bəli, investorlar süni intellektə indi çox emosional yanaşırlar. Amma bəli — bu, həm də uzun illər ərzində baş vermiş ən mühüm hadisədir.”

Altman və digər texnoloji liderlər AGI (ümumi süni intellekt) ideyasına sadiq qalır, bəziləri isə bu mərhələnin gözləniləndən daha tez gələcəyinə inanır.
Mark Zukerberq iyul ayında yazmışdı:

“Süper-intellektin formalaşması artıq öz bəhrəsini verir.”

O, Meta-nın gələcəkdə daha güclü, “insanı aşan” modellər hazırlayacağını vurğulayıb.

Hesablama gücü uğrunda yarış

Altman dəfələrlə qeyd edib ki, OpenAI hələ də hesablama resursları baxımından məhduddur, çünki dünyada yüz milyonlarla insan artıq ChatGPT-dən istifadə edir — kod yazır, şəkil və video yaradır, eləcə də gündəlik ünsiyyət üçün ona müraciət edir.

OpenAI və Anthropic həmçinin öz tədqiqatlarını dərc edərək süni intellekt sistemlərinin iş proseslərinə real təsirini vurğulayıblar.
Anthropic-in sentyabr hesabatına əsasən, şirkətlərin təxminən 75%-i artıq Claude modelindən işlərin avtomatlaşdırılması üçün istifadə edir.
Eyni ayda OpenAI “GDPval” adlı yeni qiymətləndirmə sistemi təqdim etdi. Bu sistem, süni intellek modellərinin müxtəlif peşələrdə insan səviyyəsinə nə qədər yaxın olduğunu ölçür.

OpenAI-nin bloqunda yazılır:

“Ən qabaqcıl modellər artıq bir çox sahələrdə sənaye mütəxəssislərinin iş keyfiyyətinə yaxın nəticələr verir.
İnanırıq ki, bu modelləri düzgün tətbiq etməklə həm vaxt, həm də maliyyə baxımından qənaət əldə ediləcək.”

Nə qədər ödəməyə hazırıq?

Əsas sual hazırda bundan ibarətdir: müştərilər bu texnologiyaya nə qədər pul ödəməyə hazırdır?
OpenAI və digər şirkətlər ümid edir ki, modellər daha ağıllı və çoxşaxəli olduqca, korporasiyalar və fərdi istifadəçilər bu xidmətlərə daha çox sərmayə qoymağa razı olacaqlar.

Şirkətin maliyyə direktoru Sara Frayar 2024-cü ilin sonunda demişdi:

“Mən bu texnologiyadan maksimum yararlanmaq istəyirəm. Əgər bu sistem mənə hər sahədə PhD səviyyəsində bir köməkçi kimi xidmət edəcəksə, o zaman ayda 2000 dollar ödəmək tamamilə məntiqlidir.”

Zukerberq isə sentyabrda əlavə etmişdi:

“Süni intellek balonunun yaranması çox realdır. Amma mənim üçün əsas problem — bu imkandan yararlanmaq üçün kifayət qədər resursun olmamasıdır.
Əgər nəticədə yüz milyardlarla dollar havaya sovrulsa, bu, əlbəttə, məyusedici olar. Amma əsas risk — heç risk etməməkdir.”

 “Balon” nədir və necə partlayır?

İqtisadi “balon” — qiymətlərin fundamental dəyərləri çox sürətlə üstələdiyi, sonradan isə kəskin enişlə nəticələnən dövr deməkdir.
ABŞ iqtisadçısı Hayman Minski bu prosesi beş mərhələyə bölüb:
dəyişiklik, yüksəliş, eyforiya, mənfəətin götürülməsi və panika.

Balon adətən o zaman yaranır ki, investorlar yeni texnologiyanın yaratdığı fürsətlərə həddindən artıq inanır və “geridə qalmaq qorxusu” ilə vəsaitlərini sürətlə yatırmağa başlayırlar.
Qiymətlər süni şəkildə şişir, reallıqdan qopur və nəhayət, hədd aşdıqda partlayış baş verir.

DeepSeek hadisəsi – siqnal kimi

Bu il yanvarın sonunda Çinin DeepSeek adlı şirkəti daha ucuz xərclərlə yüksək keyfiyyətli süni intellek modeli təqdim etdikdə, bazar silkələndi.
Bu xəbər texnoloji səhmlərdə 1 trilyon dollarlıq satış dalğası yaratdı.
Nvidia-nın səhmləri cəmi bir gün ərzində 17% ucuzlaşdı.

DeepSeek epizodu sübut etdi ki, süni intellektə yönələn böyük sərmayələr çox kövrək təməl üzərində qurulub.
Buna baxmayaraq, Silikon Vadisi sarsılmadı — əksinə, AI sərmayələri ikiqat artdı.
Nvidia sonrakı aylarda rekord göstəricilərə qayıtdı və ilin sonuna 4 trilyon dollarlıq bazar dəyəri ilə dünyanın ən bahalı şirkəti oldu.

1999 təkrarlanırmı?

Bu mənzərə dotcom dövrünü xatırladır.
O vaxt da internet startapları real gəlir əldə etmədən milyonlarla sərmayə cəlb edirdilər.
2001-ci ildə “balon” partladı, yüzlərlə şirkət müflis oldu, digərləri isə güclü rəqiblər tərəfindən ucuz qiymətə uduldu.

Bu gün oxşar əlamətlər görünür:

  • şirkətlərin şişirdilmiş dəyərləri,
  • real gəlir modeli olmayan startaplar,
  • lüks investor davranışları — şəxsi təyyarələr, bağışlar və eksklüziv müqavilələr.

OpenAI-nin rəhbərlər şurasının sədri və Sierra startapının baş direktoru Bret Teylor deyir:

“Dotcom dövründə olduğu kimi, indi də çoxlu şirkət qalib gələcək, amma bir o qədər də iflasa uğrayacaq. AI iqtisadiyyatı dəyişəcək, lakin bu prosesdə çoxlu itkilər olacaq.”

Jeff Bezos isə süni intellektdəki bumun “sənaye balonuna” bənzədiyini desə də, onun nəticədə hər bir şirkətin məhsuldarlığını artıracağına inanır.

Fərqlər və nəticə

Bugünkü AI bumunun bir mühüm fərqi var:
sahəni idarə edən şirkətlər — OpenAI, Microsoft, Google, Meta, Amazon, Nvidia — artıq sabit gəlir axınlarına və nəhəng kapital ehtiyatlarına malikdir.
Onlar 1990-cı illərin kövrək startaplarından fərqli olaraq, böhrana dözümlüdür.

Eyni zamanda, süni intellektin tətbiqi rekord sürətlə artır:
ChatGPT-nin həftəlik istifadəçi sayı 700 milyon nəfəri keçib, bu da onu tarixin ən sürətlə yayılan məhsullarından birinə çevirib.
OpenAI və Anthropic kimi şirkətlər satışlarını üç dəfə artırıb, OpenAI-nin dəyəri isə artıq 500 milyard dollara çatıb — bu, tarixdə hələ gəlir əldə etməmiş ən bahalı şirkət deməkdir.

Nəticə

Süni intellekt bumu həm qızıl fürsət, həm də bazar riski yaradır.
Texnologiya iqtisadiyyatı yenidən formalaşdırır, amma bu prosesin qalibləri qədər məğlubları da olacaq.
Tarix təkrarlanmır — amma çox vaxt qafiyələnir.

 

Son xəbərlər
Digər xəbərlər