Çinin Baş Gömrük İdarəsi yanvar–sentyabr aylarında ABŞ ilə ticarət dövriyyəsinin ötən ilin eyni dövrü ilə müqayisədə 15,6% azaldığını və 425,81 milyard dollara düşdüyünü bildirib.
Hesabat dövründə Çindən ABŞ-yə ixrac 16,9% azalaraq 317,22 milyard dollara enib. ABŞ-dən Çinə ixrac isə 11,6% azalaraq 108,59 milyard dollara düşüb. Çinin müsbət ticarət saldosu 2024-cü ilin eyni dövrü ilə müqayisədə 19,1% azalaraq 208,63 milyard dollar təşkil edib.
Sentyabr ayında iki ölkə arasında ticarət həcmi avqustla müqayisədə 6,7% artaraq 45,79 milyard dollara çatıb. Çin ixracı 34,3 milyard dollar olub (+8,5%), ABŞ ixracı isə 11,48 milyard dollara yüksəlib (+1,7%).
Oktyabrın 10-da prezident Donald Tramp bəyan edib ki, ABŞ noyabrın 1-dən və ya daha tez Çin məhsullarına tətbiq olunan rüsumları 100% artıracaq, həmçinin proqram təminatı üzrə ixrac nəzarəti tədbirləri tətbiq edəcək. Beləliklə, ABŞ-nin Çin məhsullarına ümumi tarif dərəcəsi 130%-ə çata bilər.
2023-cü ildə iki ölkə arasındakı ticarət həcmi 11,6% azalaraq 664,45 milyard dollar olub. Lakin 2024-cü ildə bu göstərici 3,7% artaraq 688,28 milyard dollara yüksəlib.