21 C
Baku
Sunday, October 19, 2025

Avropa Komissiyası Rusiyanın dondurulmuş aktivlərindən Ukraynaya daha €25 milyard ayırmaq istəyir

Avropa Komissiyası (AK) Ukraynaya reparasiya krediti formasında əlavə 25 milyard avro ayırmağı planlaşdırır. Məbləğ Avropa banklarında dondurulmuş Rusiya aktivləri hesabına maliyyələşdiriləcək, “Politico” yazır.

Nəşrin məlumatına görə, bu, artıq mövcud olan Rusiya aktivlərindən əldə edilən gəlirlərin istifadəsi təşəbbüsünün genişləndirilməsidir. Hazırda Avropada Rusiya Federasiyasına məxsus təxminən 140 milyard avro dəyərində aktivlər var və həmin vəsaitlərin Ukraynaya kredit kimi yönəldilməsi təklif olunur. Bununla belə, belə bir addımın hüquqi əsasları hələ tam qiymətləndirilməyib.

AK-nın rəhbəri Ursula fon der Lyayen Rusiya aktivlərinin Ukraynanın maliyyələşdirilməsi üçün müsadirə olunması ideyasını dəstəkləyir. Lakin Belçika da daxil olmaqla bir neçə ölkə bu təklifin əleyhinə çıxır. Belçikanın veto hüququnu aradan qaldırmaq üçün Avropa Komissiyası üzv ölkələrin sammitində səsvermə prosedurunun dəyişdirilməsini təklif edir.

Rusiya aktivlərindən istifadəyə dair məsələ noyabrda keçiriləcək AB maliyyə nazirlərinin görüşündə müzakirə oluna bilər. Əgər qərar qəbul edilərsə, vəsaitlər Ukraynanın müdafiə sənayesinin texnoloji və istehsal bazasının gücləndirilməsinə, həmçinin onun Avropa hərbi sənayesinə inteqrasiyasına yönəldiləcək.

Daha əvvəl Avropa Komissiyası Ukraynaya dondurulmuş Rusiya aktivlərindən əldə olunan gəlirləri artıq ayırmışdı. Bu aktivlərin böyük hissəsi — 200 milyard avrodan çox — Brüsseldəki “Euroclear” depozitarında saxlanılır. “Euroclear” nümayəndələri isə dəfələrlə bu aktivlərin müsadirəsinə qarşı çıxıblar.

Son xəbərlər
Digər xəbərlər