26 C
Baku
Tuesday, April 30, 2024

Ekspert: “Müştərilərin aylıq kredit ödənişi məhdudlaşdırılmalıdır”

Azərbaycanda müştərilərin, əsasən də aztəminatlı ailələrin aylıq kredit ödəmələri onların gəlirlərinin 1/3-i səviyyəsində məhdudlaşdırılmalıdır. “Report”un verdiyi xəbərə görə, bu təşəbbüslə iqtisadçı Qubad İbadoğlu “Bankların çağdaş durumu: müsbət dəyişikliklər üçün nə etməli?” mövzusunda bu gün keçirilən ekspert müzakirəsində çıxış edib.

Ekspertin təklifinə əsasən, fiziki şəxslərin iflası haqqında qanun qəbul olunmalıdır ki, həm onların borclarını qaytara bilmədiyi halda həyat şəraiti pisləşməsin, həm də borc bazarında yenidən iştirakına məhdudiyyət yaranmasın: “Hüquqi şəxslərin müflisləşməsi haqqında qanun isə təkmilləşdirilməlidir. Qanunvericilikdə müvafiq dəyişikliklər edilməklə kredit ombudsmanının yaradılması və fəaliyyətinə dair hüquqi əsaslar yaradılmalıdır”.

Bununla yanaşı, Q.İbadoğlu təklif edir ki, problemli kreditlər agentliyi yaradılmalı və problemli kredit portfelinin satılması üçün qaydalar formalaşdırılmalıdır.

“Sığortalanan əmanətlərin dərəcələri manatla 12%-dən 15%-ə, valyutada isə 3%-dən 5%-ə qaldırılmalıdır. Devalvasiya nəticəsində məzənnə fərqindən yaranan itki bank, müştəri və dövlət arasında bərabər paylaşdırılmalıdır. Həmçinin tövsiyə olunur ki, vaxtı keçmiş borcları bağlayan müştərilər əlavə faiz və cərimə ödənişlərindən azad olunsunlar. Eyni zamanda, müştəri borcunu 1,05 manat məzənnə ilə tam bağlayarsa, qalıq məbləğin 20%-i həcmində güzəştin tətbiq olunmasını təklif edirik. Antikollektor şirkətlərinin müştərilərə kömək etməsinə şərait yaradılmalıdır”, – deyə iqtisadçı vurğulayıb.

Ekspertin fikrincə, bankların kapitallaşma dərəcəsi artırılmalı və Basel III prinsiplərində nəzərdə tutulandan ən azı iki dəfə çox olmalıdır.

“İş yerini itirdiyinə görə kredit borcunu ödəyə bilməyənlərə kreditin məbləğindən asılı olaraq 1 ildən 3 ilədək əlavə vaxt verilməlidir ki, onlar da iş axtarıb tapandan sonra kreditlərini qaytara bilsinlər. Yüksək riskli kreditlərin verilmə prosesi dayandırılmalıdır və belə hallara yol vermiş bankların itkiləri kompensasiya edilməməlidir. Maliyyə Bazarlarına Nəzarət Palatasına təklif olunur ki, yerli bankların səhmlərinin bir qismi, məsələn, 20%-ə qədəri xarici investorlara satılsın. Xaricdən cəlb olunan kredit faizlərinin maksimumuna hədd qoyulması tövsiyə olunur”, – deyə Q.İbadoğlu vurğulayıb.

Son xəbərlər
 ⁠
Digər xəbərlər