17 C
Baku
Monday, October 20, 2025

“Nvidia” ABŞ-nin AI texnologiyalarına $500 milyard sərmayə qoyur

“Nvidia Corp.” şirkəti və onun tərəfdaşları yaxın üç–dörd il ərzində ABŞ-nin süni intellekt texnologiyalarına təxminən 500 milyard dollar sərmayə qoymağı planlaşdırırlar. Bu barədə şirkətin baş icraçı direktoru Censen Xuan (Jensen Huang) “Fox News” telekanalına müsahibəsində bildirib. Onun sözlərinə görə, hazırda ölkədə süni intellekt tərəfindən idarə olunan yeni sənaye inqilabı başlayıb.

Keçən həftə “Nvidia” Tayvanın çip istehsalçısı “Taiwan Semiconductor Manufacturing Company” (TSMC) ilə birgə əməkdaşlıq barədə məlumat yayıb. Nəticədə, Arizona ştatındakı istehsal müəssisəsində ABŞ-də ilk dəfə “Blackwell” çipləri üçün yarımkeçirici lövhə hazırlanıb.

“Keçən həftə tarixi olub. Biz ilk dəfə ABŞ-də, dünyanın ən müasir fabrikində dünyanın ən qabaqcıl süni intellekt çiplərini istehsal etdik. Bütün bunlar Donald Trampın ölkədə sənayeləşməni bərpa etmək istəyi ilə başlayıb. Onun idxal rüsumları bu prosesi bizim hazırda həyata keçirdiyimiz sürətlə mümkün edib. İndi isə, cəmi bir ildən az müddətdə, biz ABŞ-də ən müasir süni intellekt çiplərini istehsal edirik. Və bu, hələ başlanğıcdır”, – deyə Censen Xuan söyləyib.

Xuan həmçinin qeyd edib ki, Donald Trampın texnologiya sənayesi üçün gördüyü ən mühüm addımlardan biri enerji resurslarının bu sahənin inkişafı üçün vacibliyini qəbul etməsi olub.

Son xəbərlər
Digər xəbərlər