İsveçrə frankı ticarət və siyasi risklərin yenidən artması fonunda təhlükəsiz aktivlərə olan tələbin yüksəlməsi nəticəsində son on ilin ən yüksək səviyyəsinə çatıb. Çərşənbə axşamı valyuta avro qarşısında 0,92102 səviyyəsinə yüksəlib – bu, son 11 ayın maksimumudur və 2015-ci ilin yanvar səviyyəsindən 0,2% yüksəkdir.
Qeyd edək ki, İsveçrə frankı son bir ayda “Böyük Onluq” ölkələrinin valyutaları arasında dollara qarşı möhkəmlənən yeganə valyuta olub. Bu, ABŞ-Çin ticarət gərginliyinin artması, eləcə də Fransa və Yaponiyadakı siyasi qeyri-müəyyənlik, ABŞ-da isə regional banklarda gərginliyin güclənməsi fonunda baş verib.
“Societe Generale SA”nın valyuta strategiyası şöbəsinin rəhbəri Kita Cak qeyd edir ki, treyderlər İsveçrə frankını avroya qarşı “sığınacaq” kimi görürlər.
Hedcləşmə xərcləri avqustun ortalarından bəri ən yüksək səviyyəyə çatıb, frankla bağlı opsionlarda mülkiyyət premiyası isə may səviyyələrinə qayıdıb, çünki treyderlər qorunma axtarır və risklərini yenidən bölüşdürürlər.
“Bloomberg” strateglərinin fikrincə, “frankın güclənməsi davam edəcək, çünki təhlükəsiz liman aktivlərinin seçimi azalır, qızıl və yen isə öz cəlbediciliyini itirir. Onun real effektiv məzənnəsi artsa da, İsveçrə Milli Bankı (SNB) valyutanın gücünü qorumaq üçün müdaxilələrə davam edəcək”.
Makroiqtisadi strateq Ven Ram da hesab edir ki, frank yaxın dövrdə güclü qalacaq.
Bu həftə investorlar siyasi vəziyyəti diqqətlə izləyəcəklər. İqtisadçılar mənfi faiz dərəcələrinə qayıdış ehtimalını demək olar ki, istisna edirlər, lakin bankın idxal olunan dezinflasiyanı və xarici şokları balanslaşdırmaq üçün bir neçə aləti mövcuddur.
“Danske Bank A/S”in analitikləri hesab edirlər ki, Mərkəzi Bank mənfi faizlərə müraciət etməzdən əvvəl intervensiyalara üstünlük verəcək. Onlar qeyd edirlər ki, real ticarət məzənnəsi ilə ölçülən frankın güclənməsi və ABŞ tərəfindən İsveçrə ixracına tətbiq oluna biləcək rüsumlar inflyasiya təzyiqlərini daha da azalda bilər. Buna baxmayaraq, bank analitikləri avro/frank məzənnəsinin gələn il ərzində enəcəyini proqnozlaşdırırlar.