18 C
Baku
Thursday, October 23, 2025

“Son 10 ildə ARDNF-in investisiya gəlirləri 15 milyard dollara yaxınlaşıb”

Yaradıldığı dövrdə 270 milyon ABŞ dolları ilə fəaliyyətə başlayan Dövlət Neft Fondu bu gün aktivlərini 70 milyard ABŞ dollarını keçən strateji ehtiyat səviyyəsinə çatdıraraq ölkənin fiskal və makroiqtisadi sabitliyində mühüm rol oynamaqdadır.

Bunu Dövlət Neft Fondunun İcraçı direktorunun müavini Bəhruz Bəhramov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsində keçirilən “Konstitusiya və Suverenlik İli”nə həsr edilən “Dövlət suverenliyinin iqtisadi əsasları və iqtisadi müstəqillik” mövzusunda elmi-praktik konfransda çıxışı zamanı deyib.

İcraçı direktorun müavini vurğulayıb ki, Fondun 2015-ci ildə makroiqtisadi sabitliyin qorunmasına, 2016-cı ildə azalan neft gəlirlərinə baxmayaraq, sosial öhdəliklərin yerinə yetirilməsinə, 2020-ci ildə isə pandemiya ilə mübarizədə əlavə büdcə xərclərinin qarşılanmasına verdiyi töhfə bunun bariz nümunəsidir:

“Bu illər ərzində Fond yalnız maliyyə ehtiyatlarının idarəçisi deyil, həm də institusional yaddaşa, dayanıqlı idarəetmə prinsiplərinə və beynəlxalq etimada əsaslanan bir quruma çevrilib. Bu gün ARDNF-nin vəsaitləri ÜDM-in 90 %-ni, dövlət borcunun isə 12 qatını üstələyir”.

Bəhruz Bəhramov bildirib ki, Fondun fəaliyyəti dövründə dövlət büdcəsinə edilən transfertlər dövlət büdcəsi vasitəsi ilə sosial infrastrukturun inkişafı, strateji layihələrin icrası, müdafiə qabiliyyətinin gücləndirilməsi və əhalinin rifahına yönəlib:

“Bu, dövlət büdcəsinin gəlirlərinin iqtisadi inkişafın ilkin illərində 50-60 %-ni, son illərdə isə təxminən 30-40 %-ni təşkil etməklə, fiskal və makroiqtisadi sabitliyin təminində mühüm rol oynamışdır. Bundan başqa Fond bir çox strateji əhəmiyyətli sosial, infrastruktur, enerji və təhsil layihələrinin maliyyələşdirilməsini həyata keçirib (12 milyard ABŞ dolları).

ARDNF rəsmisi əlavə edib ki, son on il ərzində Fondun investisiya gəlirləri 15 milyard ABŞ dollarına yaxınlaşaraq uzunmüddətli maliyyə dayanıqlığının mənbələrindən birinə çevrilib.

“ARDNF-nin qlobal səviyyədə nüfuzlu tərəfdaşlarının idarə etdiyi vəsaitlərinin toplam həcmi 40 trilyon ABŞ dollarına yaxındır, o cümlədən bu şirkətlərin investisiyalarının 5 trilyon ABŞ dollarından çoxu daşınmaz əmlak, infrastruktur və özəl səhm aktiv növləri üzrə yatırımlardan ibarətdir.

Fondun icraçı direktoru ötən il məcmu vəsaitlərinin həcmi 8 trilyon ABŞ dollarından çox olan və dünyanın suveren institutlarını bir araya toplayan ilk və yeganə təşkilat olan Beynəlxalq Suveren Fondlar Forumunun Sədr müavini vəzifəsinə seçilib”, – deyə o fikrini tamamlayıb.

MənbəTREND
Son xəbərlər
Digər xəbərlər