Azərbaycan 2024-cü ilin yanvarından etibarən Serbiyaya təbii qaz tədarükünə başlayıb, indiyədək təxminən 300 milyon kubmetr qaz ixrac olunub.
Bunu Belqrad şəhərində Azərbaycanla Serbiya Respublikası arasında Ticarət və İqtisadi Əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın IX iclasında çıxışı zamanı maliyyə naziri Sahil Babayev deyib.
O qeyd edib ki, Azərbaycanın Dövlət Neft Fondu Serbiyada 72,7 milyon ABŞ dolları həcmində investisiya portfelinə malikdir, həmçinin Niş şəhərində 500 meqavat gücündə kombinə olunmuş qaz-turbin elektrik stansiyasının inşası üzrə SOCAR, EPS və Srbijagas şirkətlərinin əməkdaşlığı tərəflərin enerji tərəfdaşlığını yeni mərhələyə daşıyacaq.
Nazir nəqliyyat və logistika əlaqələrinin gücləndirilməsinin hər iki ölkə üçün prioritet olduğunu qeyd edərək, Ermənistan–Azərbaycan sülh prosesi çərçivəsində elan edilmiş və bölgə üçün böyük perspektivlər vəd edən nəqliyyat dəhlizləri və “Yaşıl Enerji Dəhlizi” kimi yeni təşəbbüslərin əməkdaşlıq üçün geniş imkanlar açdığını diqqətə çatdırıb.