Bank VTB (Azərbaycan) ASC-də aparılan struktur dəyişiklikləri çərçivəsində 15 oktyabr 2025-ci il tarixindən Əsgər Elyaz oğlu Kərimov Hüquq Departamentinin direktoru – Baş hüquq inzibatçısı vəzifəsinə təyin olunub.
Yeni vəzifəsində o, Bankın Hüquqi təminat idarəsinə, Problemli aktivlərin idarə olunması idarəsinə, eləcə də ümumi metodologiya və korporativ kargüzarlıq istiqamətlərinə nəzarəti həyata keçirəcək.
Əsgər Kərimov 2007-ci ildə “AGBank” ASC-də Hüquq Departamentində hüquqşünas kimi əmək fəaliyyətinə başlayıb. Sonrakı illərdə Problemli aktivlərin idarə edilməsi departamentində Hüquqi dəstək şöbəsinin müdiri, Məhkəmə və icra işləri departamentinin direktoru vəzifələrində çalışıb.
2016–2019-cu illərdə “Solis and Partners” hüquq şirkətinin direktoru olub, 2019-cu ildən isə Bank VTB (Azərbaycan) ASC-də Hüquq idarəsinin rəisi vəzifəsini icra edib.
O, beynəlxalq hüquq ixtisası üzrə fərqlənmə diplomu ilə bakalavr dərəcəsinə malikdir, 18 illik peşəkar təcrübəyə sahibdir və 2018-ci ildən Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvüdür.








