10 C
Baku
Thursday, October 30, 2025

FED-in qərarına valyutalar necə reaksiya verir?

Yaponiya Bankının (BOJ) faiz dərəcələrini dəyişməz saxlaması səbəblə cümə axşamı yapon yeninin məzənnəsi ucuzlaşıb. Banker.az xəbər verir ki, investorların ABŞ Prezidenti Donald Tramp və Çin Prezidenti Si Cinpin arasında əldə olunan ticarət razılaşmasını qiymətləndiribləri ilə digər valyutalar nisbətən dar diapazonda hərəkət edib.

Tramp bildirib ki, Çinlə ABŞ arasında tariflərin azaldılması barədə razılığa gəlib. Əvəzində Pekin ABŞ-dan soya almağı bərpa etməyi, nadir torpaq elementlərinin ixracını davam etdirməyi və fentanil adlı narkotikin qeyri-qanuni ticarətinə qarşı mübarizəni gücləndirməyi öhdəsinə götürüb. Lakin razılaşmanın detalları az olub və Çin tərəfi əlavə aydınlıq gətirməyib.

BOJ iki günlük pul-kredit siyasəti iclasının sonunda gözlənildiyi kimi əsas faiz dərəcəsini 0,5%-də saxlayıb. Bununla yanaşı, iqtisadiyyat proqnozlara uyğun hərəkət edərsə, borclanma xərclərini artırmağa davam edəcəyini bir daha vurğulayıb.

Buna baxmayaraq, investorlar qərarı ehtiyatlı addım kimi dəyərləndiriblər, çünki cəmi iki siyasətçi yenidən faiz artımına səs verib — bu, sentyabrda da eyni idi. Bu, BOJ-nin siyasəti normallaşdırmaqda tədrici addım atdığını göstərib.

436
USD/JPY məzənnəsi / Foto: İnvestAZ İ.Ş. (günlük qrafik)

İclasdan sonra keçirilən mətbuat konfransında BOJ-un rəhbəri Kadzua Ueda növbəti faiz artımının nə vaxt baş tuta biləcəyi ilə bağlı da ətraflı açıqlama verməyib.

Bu amil yenə təzyiq göstərib — valyuta dollar qarşısında 8 ay yarımın minimumu olan 153,89 səviyyəsinə enib.

Yapon valyutası avro qarşısında da rekord minimuma — 178,7-yə qədər ucuzlaşıb. Funt sterlinq isə 0,5% bahalaşaraq 202,45 yen səviyyəsinə yüksəlib.

“Bazarda faiz artımı gözlənilmirdi, amma investorları narazı salan məqam odur ki, yenə də yalnız iki nəfər artım tərəfdarı olub,” — “Bank of Singapore”un valyuta strateqi Sim Moh Sionq bildirib.

“Burada mənzərə aydındır: Yaponya Bankı hələ də faiz artımı baxımından ehtiyatlıdır, ABŞ Federal Ehtiyat Sistemi isə faiz azaldılması məsələsində ehtiyatlı davranır.”

TRAMP–Sİ GÖRÜŞÜ VƏ FED-İN SƏRT TONLU BƏYANATI

Bazarlar ümumilikdə sakitdir. Səhmlər dalğalanıb, valyutalar və istiqrazlar isə sabit qalıb. Bu da Cənubi Koreyada baş tutan Tramp–Si görüşünün detalları açıqlanarkən müşahidə olunub. Son günlər Tramp gərginliyi azaltmaq üçün Si ilə razılaşma əldə olunması perspektivini dəfələrlə vurğulamışdı.

İnvestorların çoxu görüşün nəticəsini müsbət qiymətləndirsə də, bir çoxları münasibətlərin nə qədər uzunömürlü olacağı barədə ehtiyatlı davranıblar. Əvvəlki ticarət danışıqları da ümidverici başlanğıcla başlayıb, sonra geriləmələrlə nəticələnmişdi.

“Əsas məqam budur ki, Çin və ABŞ qlobal kontekstdə bir-birinin ən mühüm strateji rəqibləridir. Bu səbəbdən qloballaşma dövründəki kimi sabit ticarət razılaşması gözləmək olmaz. Hər hansı razılaşma qeyri-sabit olacaq və tərəflər fikirlərini dəyişə bilərlər,” — “Aletheia Capital” şirkətinin Çin üzrə strateqi Vinsent Çen qeyd edib.

Dollar əvvəlki yüksəlişlərinin bir hissəsini itirsə də, hələ də altı əsas valyutalar səbətinə (DXY) qarşı iki həftənin maksimumu olan 99,10 səviyyəsinə yaxın qalıb.

Avro 0,16% bahalaşaraq $1,1618-ə çatıb, lakin əvvəlki sessiyada 0,43% ucuzlaşmışdı. Funt sterlinq isə 5 ay yarımın minimumu yaxınlığında qalaraq $1,3197 səviyyəsində ticarət olunur.

ABŞ Federal Ehtiyat Sistemi rəhbəri Cerom Pauellin sərt açıqlamaları dollara çərşənbə günü dəstək olub. O bildirib ki, Mərkəzi Bank daxilində fikir ayrılığı və federal hökumətin bağlanması səbəbilə məlumat çatışmazlığı bu il əlavə faiz azaldılmasını mümkünsüz edə bilər.

FED gözlənildiyi kimi faiz dərəcəsini 25 baza bəndi endirib və balans azalmasının 1 dekabrda dayandırılacağını açıqlayıb.

Dekabrda əlavə 0,25 bəndlik faiz azaldılması ehtimalı bazarlarda təxminən 68%-ə düşüb — bu göstərici qərardan əvvəl demək olar ki, tam qiymətlənmişdi.

Digər valyutalar arasında riskə həssas Avstraliya dolları 0,11% artaraq $0,6582-yə, İsveçrə frankı isə bir qədər möhkəmlənərək dollar qarşısında 0,7988 səviyyəsinə çatıb.

Son xəbərlər
Digər xəbərlər