“Google”un ana şirkəti olan “Alphabet”in səhmləri “Nasdaq” birjasında ilkin ticarət zamanı 10,94% artaraq 297,8 dollara qədər yüksəlib. Saat 14:16-da (Bakı vaxtı ilə) artım 7%-ə qədər zəifləyib. 29 oktyabrda əsas ticarət sessiyasının sonunda”Alphabet”in səhmləri 275,17 dollar (+2,5%) dəyərində bağlanıb.
Şirkət üçüncü rüb üzrə hesabatını təqdim edib və nəticələr analitiklərin gözləntilərini üstələyib. Gəlir 16% artaraq 102,35 milyard dollara, xalis mənfəət isə 33% artaraq 34,97 milyard dollara çatıb. Hər səhmə düşən düzəliş edilmiş mənfəət 3,1 dollar təşkil edib. Analitiklər orta hesabla 99,89 milyard dollar gəlir və 2,33 dollar mənfəət proqnozlaşdırırdılar. CNBC-nin yazdığına görə, sentyabr ayında Aİ tərəfindən “Google”a 3,45 milyard dollarlıq antiinhisar cərimənin tətbiq edilməsi xalis mənfəətə təsir edib.
“Bloomberg” yazır ki, “Alphabet”in güclü nəticələri bulud xidmətlərinə və süni intellekt məhsullarına olan tələbin artması ilə əlaqədardır. “Google Cloud”un gəliri 35% artaraq 15,15 milyard dollara çatıb. CNBC-nin məlumatına görə, analitiklər 14,74 milyard dollar gözləyirdilər. 2025-ci ilin doqquz ayı ərzində “Alphabet” 1 milyard dollardan yuxarı dəyərdə müqavilələr bağlayıb — bu, əvvəlki iki ilin cəmidən çoxdur. Şirkətin baş direktoru Sundar Piçai bildirib ki, “Google”un generativ süni intellekt xidmətlərindən gəlir il ərzində 200%-dən çox artıb, və “Google Cloud”un sifariş portfeli üçüncü rübün sonunda 155 milyard dollar olub.
Eyni zamanda “Alphabet” 2025-ci il üçün kapital xərcləri üzrə proqnozunu artırıb. Şirkət indi 91–93 milyard dollar aralığında xərclər gözləyir (əvvəlki proqnoz 85 milyard dollar olub). Maliyyə direktoru Anat Aşkenazi bildirib ki, bu xərclərin təxminən 60%-i serverlərə, qalan hissəsi isə məlumat mərkəzlərinə və süni intellekt üçün şəbəkə avadanlıqlarına yönələcək.
“Alphabet”in rəqibləri — “Microsoft” və “Meta” — də xərclərin artacağını açıqlasalar da, onların səhmləri azalıb. Lakin “Alphabet” investorları inandıra bilib ki, bu xərclər biznesin böyüməsinə xidmət edir, xüsusilə bulud hesablamaları və axtarış reklamı sahəsində.
Digər bölmələr də gözləntiləri üstələyib: “YouTube”un gəliri 10,3 milyard dollar olub (proqnoz 10 milyard dollar olub), “Google”un axtarış biznesinin gəliri 15% artaraq 56,56 milyard dollar, reklamdan ümumi gəlir isə 74,18 milyard dollar təşkil edib.







