13 C
Baku
Monday, November 3, 2025

“Nvidia” Uoll-Strit tarixində ən güclü təsirə malik şirkət olub — “Bloomberg”

“Bloomberg” analitikləri “Nvidia” şirkətinin səhmlərini Uoll-Strit tarixində ən təsirli hesab ediblər. Agentliyin yazdığına görə, şirkət tarixdə ilk dəfə olaraq 5 trilyon dollarlıq bazar dəyərinə çataraq dünya iqtisadiyyatı və fond bazarına dominant təsirini bir daha nümayiş etdirib.

“Nvidia”nın miqyası indi S&P 500 indeksinin 11 sektorundan 6-sının ümumi dəyərini və bir çox ölkələrin fond bazarlarını geridə qoyur. Onun payı S&P 500 indeksinin 8,5%-ni təşkil edir — bu, indeksin 240 şirkətinin ümumi dəyərindən daha çoxdur.

Artım süni intellektə (Sİ) yönəldilən böyük investisiyalarla dəstəklənir. “Microsoft”, “Amazon” və “Meta” kimi texnoloji nəhənglər qarşıdakı 12 ay ərzində ümumi kapital xərclərini 34% artıraraq təxminən 440 milyard dollara çatdırmağı planlaşdırırlar. Bu vəsaitin əhəmiyyətli hissəsi süni intellekt texnologiyalarının inkişafına yönəldiləcək. Bu da “Nvidia”nın gəlirlərinin növbəti maliyyə ilində 285 milyard dollara çatacağı proqnozunu izah edir.

Süni intellekt bazarındakı “balon” barədə danışılmasına baxmayaraq, ABŞ Federal Ehtiyat Sisteminin (FED) sədri Cerom Pauell dotkom dövrünün böhranı ilə müqayisələri rədd edib. “Bloomberg” qeyd edir ki, Uoll-Strit analitiklərinin təxminən 91%-i “Nvidia”nın səhmləri üzrə müsbət tövsiyələrini qoruyub saxlayır və rallinin davam edəcəyini gözləyir.

Amerika korporasiyası “Nvidia”nın 5 trilyon dollarlıq bazar dəyərinə çatması 29 oktyabrda məlum olub. Onun səhmləri ABŞ və Çin liderləri — Donald Tramp və Si Cinpinin görüşündən sonra kəskin bahalaşıb.

Son xəbərlər
Digər xəbərlər