Bolqarıstan prezidenti Rumen Radev ölkədəki rusiyalı neft şirkəti “Lukoil”in aktivlərinin xüsusi qaydada satılmasını nəzərdə tutan investisiya haqqında qanun layihəsini rədd edib. Bu barədə prezidentin mətbuat xidməti məlumat yayıb.
Bəyanatda qeyd olunur ki, Radev qanunun “Lukoil”in aktivlərinin satışı ilə bağlı əməliyyatların Dövlət Milli Təhlükəsizlik Agentliyinin (DANS) nəzarəti altında həyata keçirilməsini nəzərdə tutan müddəasına qarşı çıxıb.
24 oktyabrda parlament tərəfindən qəbul edilən sənədə əsasən, agentlik bu cür əməliyyatların həyata keçirilməsinə dair yazılı rəy verməli idi.
Radev bildirib ki, qəbul edilən qanun hökməti Dövlət Təhlükəsizlik Agentliyindən institusional asılı vəziyyətə salır, bu isə konstitusiyaya ziddir.
1 noyabrda “Politico” yazmışdı ki, Bolqarıstan ABŞ-dən “Lukoil”ə qarşı yeni sanksiyalardan istisna verilməsi xahişi ilə müraciət etməyi nəzərdən keçirir. Sofiya qorxur ki, tətbiq edilən tədbirlər yanacaq qıtlığına və ölkədə geniş ictimai narazılığa səbəb ola bilər.
22 oktyabrda Vaşinqton Rusiyaya qarşı, o cümlədən onun enerji sektoruna qarşı yeni sanksiyalar tətbiq edib. 27 oktyabrda isə “Lukoil” şirkəti sanksiyalar səbəbindən xarici aktivlərini satmaq niyyətində olduğunu açıqlayıb.







