“SoftBank”ın səhmləri noyabrın 14-də Tokio Birjasında ticarət zamanı 9% azalaraq 19 270 yenə (125 dollar) düşüb, bu da ticarət məlumatlarında əks olunub. Ticarətin sonunda düşüş 6,6%-ə qədər zəifləyib.
Bu, yapon investisiya şirkətinin səhmlərinin ardıcıl üçüncü gün ucuzlaşmasıdır. Şirkət “Nvidia”dakı payını 5,8 milyard dollara satdığını açıqladıqdan sonra səhmləri ümumilikdə təxminən 13% dəyər itirib, CNBC yazır. Satış dalğası artıq ikinci həftədir davam edir: keçən həftə süni intellekt sahəsində mümkün “balon” ilə bağlı narahatlıqlar “SoftBank”ın kapitallaşmasını 50 milyard dollar azaldıb. CNBC qeyd edir ki, bu, 2020-ci ilin martından bəri ən pis həftəlik dinamika olub.
Bununla belə, analitiklərin fikrincə, noyabrın 14-də “SoftBank” səhmlərinin ucuzlaşması artıq daha az dərəcədə korporativ hadisələrlə, daha çox isə çip istehsalı və texnoloji aksiyalar bazarındakı ümumi mənfi sentimentlə bağlıdır. Məsələn, Yaponiyada yarımkeçirici test avadanlıqları istehsalçısı “Advantest”in səhmləri 5,5%, çip istehsalı avadanlığı istehsalçısı “Tokyo Electron”un səhmləri isə 6% düşüb. Tayvanda dünyanın ən böyük kontrakt çip istehsalçısı TSMC-nin səhmləri 2% ucuzlaşıb. Cənubi Koreyada yaddaş çipləri istehsalçısı “SK Hynix” 8,5%, “Samsung Electronics” isə 5,5% dəyər itirib.
ABŞ-də da texnoloji şirkətlərin kotirovkaları nəzərəçarpacaq dərəcədə azalır. “Nvidia” əsas ticarət sessiyasının sonunda 3,6%, “Broadcom” isə 4,3% dəyər itirib. Süni intellekt infrastrukturunun iri təchizatçıları olan “CoreWeave” və “Nebius”un səhmləri isə müvafiq olaraq 8,3% və 6,1% aşağı düşüb.







