14 C
Baku
Monday, November 17, 2025

BMT: 1991-ci ildən bəri təbii fəlakətlər kənd təsərrüfatına $3,26 trilyon ziyan vurub

1991–2023-cü illər arasında təbii fəlakətlərin dünya kənd təsərrüfatına vurduğu ziyan 3,26 trilyon dollar, yaxud ildə orta hesabla 99 milyard dollar təşkil edir. Bu barədə BMT-nin Ərzaq və Kənd Təsərrüfatı Təşkilatının (FAO) hesabatında deyilir.

Hesabatda quraqlıq və daşqınlardan tutmuş zərərverici hücumlarına və dənizdə anomal istilik dalğalarına qədər müxtəlif təbii fəlakətlərin ərzaq istehsalında necə ciddi pozuntular yaratdığına dair “indiyədək hazırlanmış ən geniş qlobal qiymətləndirmə” təqdim olunur. “Hesablamalara görə, son 33 ildə fəlakətlər dünya kənd təsərrüfatına 3,26 trilyon dollar ziyan vurub, bu isə ildə orta hesabla 99 milyard dollar və dünya kənd təsərrüfatı ÜDM-nin təxminən 4%-i deməkdir”, – deyə hesabatda bildirilir.

1991–2023-cü illərdə təbii fəlakətlər nəticəsində 4,6 milyard ton taxıl, 2,8 milyard ton meyvə və tərəvəz, 900 milyon ton ət və süd itirilib. FAO qeyd edir ki, bu itkilər nəticəsində adambaşına düşən enerji istehlakı gündə 320 kilokalori azalıb ki, bu da orta enerji tələbatının 13–16%-i deməkdir.

Qlobal itkilərin ən böyük hissəsi – 47%-i, yaxud 1,53 trilyon dolları Asiyanın payına düşür. Bu, həm regionun kənd təsərrüfatı istehsalının miqyasını, həm də daşqınlar, tufanlar və quraqlıqların yüksək təsirini əks etdirir. Şimali və Cənubi Amerikanın payına 1991-ci ildən bəri dünya kənd təsərrüfatı itkilərinin 22%-i, yaxud 713 milyard dollar düşür. Region quraqlıq, qasırğa və ekstremal temperatur səbəbindən ciddi zərərlə üzləşir. Afrikanın kənd təsərrüfatı isə bu dövrdə 611 milyard dollar itirib ki, bu da kənd təsərrüfatı ÜDM-nin 7,4%-i deməkdir və nisbətən bütün regionlar arasında “ən ağır yükdür”.

FAO-nun məlumatına görə, “dəniz istilik dalğaları 1985–2022-ci illər arasında 6,6 milyard dollar ziyan vurub və dünya balıqçılığının 15%-nə təsir edib”.

Mütəxəssislər kənd təsərrüfatında təbii fəlakət risklərinin azaldılmasında “rəqəmsal transformasiyanın” mühüm rol oynadığını vurğulayıblar. Süni intellekt (Sİ), məsafədən zondlama, mobil rabitə və PUA-lar kimi yeni alətlər təhlükələr barədə real vaxt rejimində məlumat əldə etməyə imkan verir, bu isə “erkən xəbərdarlıq sistemlərini yaxşılaşdırır”. FAO hökumətləri, beynəlxalq tərəfdaşları və özəl sektoru “kənd təsərrüfatında fəlakət risklərinin azaldılması tədbirlərinin effektivliyini artırmaq üçün rəqəmsal innovasiyaları təşviq etməyə” çağırıb.

Son xəbərlər
Digər xəbərlər