Azərbaycan İranın cənub limanlarında investisiya qoyuluşu ilə bağlı danışıqlar aparır.
Bunu İranın Limanlar və Dənizçilik Təşkilatının baş direktoru Səid Rəsuli bildirib.
Onun sözlərinə görə, iki ölkə arasında Şəhid Rəcai limanında Azərbaycan tərəfinin iştirakı və investisiya qoyuluşu ilə bağlı ilkin müzakirələr başlayıb.
“Yaxın zamanda cənab Şahin Mustafayevin rəhbərlik etdiyi yüksək səviyyəli nümayəndə heyəti Şəhid Rəcai limanını ziyarət etdi. Səfər zamanı Azərbaycanın bu limanda iştirak və investisiya qoyması məsələsi müzakirə olundu. Hər iki ölkənin Şimal-Cənub nəqliyyat dəhlizindəki rolunu nəzərə alaraq, əməkdaşlığın genişləndirilməsi üçün şərait mövcuddur”, – Rəsuli qeyd edib.
Baş direktor deyib ki, Azərbaycan tərəfi İranın cənub limanlarına investisiya yatırmasında maraqlı olduğunu ifadə edib.
Onun sözlərinə görə, Azərbaycanın hazırda İranın Astara dəmir yolu terminalına investisiya etməsi bu marşrutun cənub limanlarınadək genişlənməsi üçün baza yaradır.
“Loqistika və nəqliyyat sahəsində Azərbaycan Astara dəmir yolu terminalında iştirak edir və layihənin tamamlanması üzərində işləyir. Biz həmçinin limanlar, dəniz turizmi və yük daşımaları sahəsində ikitərəfli əməkdaşlığı genişləndirməyə maraqlıyıq”, – Səid Rəsuli əlavə edib.








