“Porsche” rəsmi olaraq tam elektrikli “Cayenne” krossoverini təqdim edib. Bu, 2019-cu ildə nümayiş etdirilən “Taycan” və 2024-cü ildə təqdim olunan “Macan”dan sonra brendin üçüncü elektromobilidir.
Avtomobil iki versiyada təqdim olunacaq: “Cayenne Electric” — 111,35 min dollardan başlayan qiymətə və “Cayenne Turbo Electric” — 165,35 min dollar, “The Verge” yazır. Hər iki model üçün əvvəlcədən sifariş açıqdır, çatdırılmaların isə 2026-cı ilin yayında başlayacağı bildirilir.
“Cayenne Turbo Electric” 0-dan 100 km/saat sürətə 2,5 saniyəyə, 0-dan 200 km/saat sürətə isə 7,4 saniyəyə çatır. Maksimal sürət 260 km/saat təşkil edir. Adi sürmə rejimində güc 630 kVt (857 a.g.) təşkil edir, “Push-to-Pass” funksiyası isə 10 saniyəlik əlavə 130 kVt (176 a.g.) verir.
“Cayenne Electric” 100 km/saat sürətə 4,8 saniyəyə çatır və maksimal 230 km/saat sürət yığır. Adi rejimdə güc 300 kVt (408 a.g.) və “Launch Control” funksiyası ilə 325 kVt (442 a.g.) olur.
Avtomobil 113 kVt⋅s tutumlu batareyalarla təchiz edilib. Gediş ehtiyatı “Cayenne Electric” üçün 642 km-ə, “Turbo” versiyası üçün isə 623 km-ə qədərdir. Şirkətin sözlərinə görə, 10%-dən 80%-ə qədər şarj olunması 16 dəqiqədən az vaxt aparır. Model simsiz şarj dəstəyinə malikdir — bu, şirkətin belə opsiya ilə təklif edilən ilk elektromobilidir.











