“Meta”nın baş süni intellekt mütəxəssisi Yan Lekun öz startapını yaratmaq üçün şirkətdən ayrıldığını açıqlayıb. Yan Lekun bildirib ki, o, “dünyanın modelləri” üzərində ixtisaslaşacaq startap yaratmağı planlaşdırır — real dünyanın fiziki və məkan xüsusiyyətləri də daxil olmaqla, onun “dinamikasını” anlayan süni intellekt (Sİ) sistemləri.
Lekun 2013-cü ildən etibarən “Meta”da Süni İntellekt üzrə Fundamental Araşdırmalar Laboratoriyasına (FAIR) rəhbərlik edirdi. O, bu laboratoriyadakı həmkarları, Nyu-York Universiteti və digər təşkilatlarla birlikdə indi davam etdirmək istədiyi tədqiqat proqramı üzərində çalışırdı.
“Meta” isə CNBC-nin yazdığına görə, Lekunun startapı ilə əməkdaşlığı davam etdirəcək.
FT-nin mənbələrinin sözlərinə görə, o, artıq investisiya cəlb edilməsi üçün danışıqlar aparır. Lakin bu investisiyaların kimdən olacağı hələ məlum deyil.






