Azərbaycanda rəqəmsal sahədə yerli məhsulların yaradılması və rəqəmsal suverenliyimizin gücləndirilməsi ölkə Prezidentinin informasiya təhlükəsizliyi strategiyasında da əsas prioritetlərdən biri kimi müəyyən edilib.
Banker.az xəbər verir ki, bunu Bakıda kibertəhlükəsizlik mövzusunda keçirilən tədbirdə Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin (XRİTDX) idarə rəisi Tural Məmmədov deyib.
O qeyd edib ki, ölkə olaraq yerli məhsulların yaradılmasının və rəqəmsal suverenliyin vacibliyini cəmi iki gün əvvəl baş vermiş insidentdə bir daha gördük:
“Belə ki, 9 mindən çox ölkə resursunun fəaliyyətinin dayanmasını sadəcə “Cloudflare hadisəsi” kimi qiymətləndirmək düzgün olmazdı. Bu, xüsusilə özəl sektorun xarici asılılığı və rəqəmsal suverenlik məsələsidir. Təsirlənən resursların böyük qismi media resursları idi ki, bu da informasiya müharibəsinə hazırlığımızı bir daha qiymətləndirməyimizə işarə edir”.
O deyib ki, lokal həllərin tətbiqi ucuz deyil və böyük maliyyə tələb edir:
“Lakin dövlətimizin apardığı uğurlu siyasət və Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin strategiyası ondan ibarətdir ki, təhlükəsizlik imkanları mümkün olduğu qədər lokal şəkildə həll olunsun və yerli mühafizəyə üstünlük verilsin. Bu, bizim əsas prioritet istiqamətlərimizdən biridir. Son üç il ərzində bir neçə dövlət qurumunun “Cloudflare” kimi xarici provayderlərə trafik ötürməsi və trafikin xaricdə təmizlənməsi hallarının qarşısı alınıb, həmin qurumların mühafizəsi Azstate şəbəkəsi vasitəsilə həyata keçirilib”.






