Bitkoinin dəyəri 8,7% azalaraq 84,2 min dollara enib, bu barədə “Binance” birjasının məlumatlarında qeyd olunur. Kriptovalyutanın qiyməti son dəfə bu ilin aprel ayında 85 min dollardan aşağı düşüb.
Bakı vaxtı ilə 11:35-ə olan məlumata görə, bitkoin qiyməti 83,3 min dollara qədər geriləyib. Bununla belə, bir ay əvvəl kriptovalyuta tarixi maksimum 126 min dollara çatmışdı. Həmin vaxt investorlar ABŞ Federal Ehtiyat Sisteminin (FED) faiz dərəcələrini azaldacağı gözləntiləri fonunda riskli aktivlərə kütləvi şəkildə vəsait yatırırdılar. Bir neçə gün sonra kriptobazarda bir gün ərzində təxminən 20 mlrd dollarlıq ən böyük mövqe likvidasiyası qeydə alınmışdı. Kriptovalyutaların ucuzlaşması ABŞ prezidenti Donald Trampın Çindən idxal olunan mallara 100%-lik gömrük rüsumları tətbiq edə biləcəyi ilə bağlı açıqlamalarından sonra başlayıb.
Oktyabr ayında baş verən bazar çöküşü birja ticarətindən kapitalın axınına səbəb olub. “Reuters”in sorğusuna cavab verən analitiklər bazarın hələ də qeyri-sabit vəziyyətdə olduğunu qeyd edirlər.







