Hindistan sakinləri aylıq adambaşına orta hesabla 36 GB mobil internet istehlak edirlər. Bu barədə “Ericsson” şirkətinin hesablamalarına istinadən “The Times of India” qəzeti məlumat verib.
Bu göstəriciyə görə hindlilər ABŞ, Çin və Qərbi Avropa ölkələrini qabaqlayırlar. Səbəblər arasında Hindistanda internet tariflərinin ucuz olması, münasib qiymətə smartfonların geniş yayılması və 2031-ci ilə qədər mobil bağlantıya tələbatın 1 milyarda çatması göstərilir. Bundan əlavə, ölkədə sosial şəbəkələrdə video izlənilməsi üçün inkişaf etdirilmiş güclü kontent yayım ekosistemi də istehlakı artırıb.
“Ericsson”un proqnozuna görə, Hindistanda sürətlə artan data istehlakı 2031-ci ildə bir istifadəçi üçün ayda 65 GB-a çatacaq, illik orta artım tempi isə 10% təşkil edəcək. Hazırda qlobal orta göstərici 21 GB-dır və 2031-ci ildə 39 GB-a yüksələcək.
Hindistanın Baş naziri Narendra Modi bildirib ki, “ölkədə bir qiqabayt mobil internetin qiyməti bir fincan çaydan da ucuzdur”. Onun sözlərinə görə, “Hindistan adambaşına data istehlakı üzrə dünyanın lider ölkələrindən biridir, rəqəmsal əlaqə artıq üstünlük və ya lüks deyil — vətəndaşlarımızın gündəlik həyatının ayrılmaz hissəsidir”.
Hindistan İnternet və Mobil Rabitə Assosiasiyasının statistikasına əsasən, ölkədə internet istifadəçilərinin sayı 2025-ci ildə 900 milyonu keçəcək. 1,4 milyard əhalisi olan Hindistanda internet istifadəçilərinin 98%-i ölkədə geniş yayılmış dillərdə kontentə çıxış əldə edir. Ölkədə internet istifadəçilərinin 47%-ni qadınlar təşkil edir. Mobil rabitə istifadəçilərinin 10-dan 9-u isə süni intellekt funksiyaları olan tətbiqlərdən istifadə edir.







