13 C
Baku
Tuesday, November 25, 2025

Azərbaycan gələn il Qazaxıstanın sığorta bazarının təcrübəsini öyrənəcək

Azərbaycan gələn il Qazaxıstanın sığorta bazarının təcrübəsini öyrənəcək.

Bu barədə Azərbaycan Sığortaçılar Assosiasiyasının (ASA) icraçı direktoru Elmar Mirsalayev deyib.

O qeyd edib ki, Azərbaycan sığorta sektoru olaraq 2026-cı ildə Qazaxıstanın sığorta bazarını daha dərindən araşdırıb, ortaq yanaşma və daxili bazar şərtlərinə əsaslanmaqla inteqrasiya imkanlarının dəyərləndirilməsi nəzərdə tutulan istiqamətlərdəndir

“Assosiasiya olaraq 2025-ci il ərzində təşkil etdiyimiz beynəlxalq əhəmiyyətli tədbirlər bizdə dünya təcrübəsi ilə bağlı yeni yanaşmalar formalaşdırıb. Belə ki, istər “Türk Dünyası Sığorta Birliyi”nin Şuşa şəhərində təşkil etdiyimiz birinci assambleyası, istərsə də Bakı şəhərində reallaşdırdığımız “Türk Dövlətləri Insurtech Zirvəsi” bizdə xüsusilə Qazaxıstanın sığorta bazarı ilə yaxından tanış olmaq imkanı yaratdı ki, bu da yerli sığorta bazarımız tərəfindən yüksək maraqla qarşılandı. Bildiyiniz kimi, Qazaxıstanın sığorta bazarı inkişaf səviyyəsi və sığorta yığımları baxımından türk dövlətləri arasında ikinci ən böyük bazar hesab olunur. Bu məqamı nəzərə alsaq, onu da vurğulayım ki, biz assosiasiya olaraq bu vaxta qədər Türkiyənin və Rusiyanın sığorta təcrübələrini artıq dərindən öyrənmişik”, – deyə ASA-nın icraçı direktoru vurğulayıb.

“Türk Dünyası Sığorta Birliyi”nin ikinci Assambleyasının 2026-cı ildə Türkiyədə keçirilməsinin planlaşdırıldığını deyən ASA icraçı direktoru əlavə edib ki, bu, assambleyada ASA aktiv iştirak edəcək: “Bu da öz növbəsində yerli bazarımızın beynəlxalq münasibətlərinin möhkəmlənməsinə öz töhfəsini verəcək. Azərbaycan Sığortaçılar Assosiasiyası yerli sığorta bazarımızın beynəlxalq əlaqələrinin formalaşdırılması və dünya təcrübəsinin öyrənilməsi məqsədilə müxtəlif ölkələrin sığorta bazarları ilə mütəmadi olaraq qarşılıqlı əməkdaşlıq əlaqələri qurur. Ötən 5 ilə nəzər salsaq deyə bilərəm ki, ASA olaraq Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkmənistan, Macarıstan, Şimali Kipr Türk Respublikası, o cümlədən Pakistan və Rusiya kimi sığorta bazarları dinamik inkişafda olan ölkələrlə qarşılıqlı münasibətləri formalaşdırmışıq. Bununla yanaşı olaraq onu da qeyd etmək istəyirəm ki, Azərbaycan Sığortaçılar Assosiasiyası nüfuzlu beynəlxalq təşkilatlar olan Sığorta Assosiasiyaları Qlobal Federasiyasının (GFIA) və “Insurance Europe”un daimi üzvü olaraq sözügedən təşkilatların işçi qruplarında da təmsil olunur. Sığortada beynəlxalq münasibətlər istiqamətində daha bir qürurverici məqam isə ondan ibarətdir ki, Azərbaycan Sığortaçılar Assosiasiyası 2022-ci ildə təsis olunub və 2025-ci ildə Türk Dövlətləri Təşkilatının məqsəd və prinsiplərinə əsaslanmaqla yenidən formalaşdırılmış beynəlxalq sığorta təşkilatı olan “Türk Dünyası Sığorta Birliyi”nin həmtəsisçisi və tamhüquqlu üzvüdür. Azərbaycan Sığortaçılar Assosiasiyası olaraq ənənəvi olaraq təşkil etdiyimiz “Azərbaycan Beynəlxalq Sığorta Forumu”nun 12-ci tədbirini 2026-cı ildə gerçəkləşdirməyi nəzərdə tuturuq. Bu beynəlxalq tədbir yerli bazarımız üçün qlobal sığorta trendlərinin öyrənilməsi və münasibətlərin möhkəmləndirilməsi baxımından çox əhəmiyyətlidir”.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər