“Google”un ana şirkəti olan “Alphabet”in bazar dəyəri kotirovkaların artması fonunda 4 trilyon dollara yaxınlaşıb, bunu ticarət məlumatları göstərir. ABŞ-nin “Nasdaq” birjasında ticarətlərin əvvəlində şirkətin dəyəri 3,94 trilyon dolları keçib. Pik həddə “Alphabet”in səhmləri 2,8% artaraq 327,54 dollara çatıb. Dünən Bakı vaxtı ilə 18:55-də artım 1,9%-ə qədər azalıb.
Kotirovkaların yüksəlməsinə səbəb “The Information” nəşrinin xəbəri olub: nəşr mövzuya bələd mənbəyə istinadən bildirib ki, “Meta Platforms” şirkəti “Google” ilə milyardlarla dollar dəyərində tensor prosessorları (TPU) almaq üçün danışıqlar aparır. Nəşrin məlumatına görə, “Meta” bu çiplərdən 2027-ci ildən etibarən məlumat emalı mərkəzlərində istifadə etməyi planlaşdırır.
Qeyd olunur ki, belə bir anlaşma “Google”un çiplərinə yaxşı alternativ kimi reputasiya qazandıra bilər. Hazırda “Nvidia” çipləri həm böyük texnoloji şirkətlər, həm də startaplar — “Meta”dan tutmuş “OpenAI”a qədər — üçün “qızıl standart” sayılır. “Bloomberg” qeyd edir ki, süni intellekt və onun infrastrukturu sahəsində dünyanın ən böyük investorlarından biri olan “Meta” ilə mümkün anlaşma “Google” üçün böyük uğur ola bilər. Lakin çox şey TPU çiplərinin uzunmüddətli perspektivdə yetərli enerji səmərəliliyi və hesablama gücü göstərə bilməsindən asılı olacaq.
Oktyabrın ortalarından bəri Alphabet-in səhmləri 37% bahalaşıb və şirkətin kapitallaşması təxminən 1 trilyon dollar artıb. Hazırda “Alphabet” və “Nvidia” arasında bazar dəyərinə görə təxminən 300 milyard dollarlıq fərq var: Bakı vaxtı ilə 18:50-də “Nvidia”nın kapitallaşması 4,15 trilyon dollara düşüb, şirkətin səhmləri isə 6,4% ucuzlaşıb. “Alphabet”in uğurları investorları texnoloji sektorda vəziyyəti və fond bazarında potensial liderlik dəyişikliyini yenidən dəyərləndirməyə vadar edir.







