“ATA Sığorta” ASC 2025-ci ilin ilk üç rübündə gəlirləri illik müqayisədə 10% artıraraq 10,1 milyon manata yüksəldib və sığorta şirkəti fəaliyyətini mənfəətlə davam etdirir.
Banker.az bunu şirkətin rüblük maliyyə hesabatına istinadən xəbər verir.
Şirkətin ümumi gəlirlərində artımın əsas mənbəyi xalis sığorta ehtiyatlarının dəyişməsi olub. Belə ki, bu göstərici ötən ilin mənfi 606 min manatlıq səviyyəsindən 1,0 milyon manata qalxaraq 1,6 milyon manatlıq müsbət dəyişiklik göstərib. Subroqasiya gəlirləri də 26% artaraq 179,8 min manata yüksəlib.
Lakin əsas əməliyyat gəlirləri 5%, investisiya gəlirləri isə 6% azalaraq müvafiq olaraq 7,7 milyon və 505,9 min manat təşkil edib. Digər gəlirlər də 32% geriləyib.
Ümumi xərclər 4% artaraq 10 milyon manata yaxınlaşıb. Əsas əməliyyat xərcləri 11% yüksəlib, digər xərclər isə çox yüksək – təxminən 589% artımla 279 min manata çatıb. Bununla yanaşı, işlərin aparılması xərcləri 8% azalaraq 4,34 milyon manata düşüb.
Şirkət 2024-cü ilin eyni dövründə 373 min manat zərər göstərmişdi. Bu il isə “ATA Sığorta” xalis mənfəətə çıxaraq 128,9 min manat qazanc əldə edib və nəticələrini illik müqayisədə 502 min manat yaxşılaşdırıb.
“Ata Sığorta” – 2004-cü ildə təsis edilib və 14.6 mln. manat səhm kapitalına sahibdir. Səhmdarı yeganə olaraq “AtaHoldinq” MMC-dir.






