Roma Papası XIV Leo ilk xarici səfərinə Ankaranı ziyarət etməklə başlayıb və burada Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb. “Associated Press”in məlumatına görə, prezident sarayının kitabxanasında Ərdoğan və ölkənin diplomatik korpusunun nümayəndələri qarşısında çıxış edən Papa Türkiyəni “dünyada sabitlik və dialoqun mənbəyinə çevrilməyə” çağırıb.
Çıxışında XIV Leo Türkiyənin “Şərq və Qərb arasında körpü, dinlərin və mədəniyyətlərin kəsişmə nöqtəsi” kimi tarixi rolunu yüksək qiymətləndirib. Cavab nitqində Ərdoğan dünyada müsəlmanlara qarşı “populist siyasətçilər, kütləvi informasiya vasitələri və sosial platformalar tərəfindən alovlandırılan” ayrı-seçkilikdən danışıb. O, pontifikin İstanbulda Məscid-i Məvlanı (Mavi Məscid) ziyarət etmək niyyətini müsəlmanlarla “konstruktiv əlaqələr qurmaq istəyinin” simvolu kimi alqışlayıb.
Ankarada Roma Papası müasir Türkiyənin banisi Mustafa Kamal Atatürkün mavzoleyini ziyarət edib. 28 noyabrda o, İstanbulda katolik kilsəsinə, hospisə və Vatikan nümayəndəliyinə baş çəkməyi, daha sonra isə İstanbulun cənub-şərqində yerləşən İznik şəhərinə gedərək Nikeya Şurasının 1700 illiyi münasibətilə keçirilən tədbirlərdə iştirak etməyi planlaşdırır. Papanın xarici səfəri Livanda davam edəcək.








