Çərşənbə günü qızılın qiyməti yüksəlir və bu, investorların ABŞ Federal Ehtiyat Sisteminin (FED) uçot dərəcəsini endirəcəyi gözləntiləri fonunda baş verir.
Bakı vaxtı ilə 18:56-ya olan məlumata görə, Nyu-Yorkun “Comex” birjasında fevral qızıl fyuçersi əvvəlki bağlanışa nisbətən 20,15 dollar və ya 0,48% artaraq bir troy unsiyası üçün 4 185,35 dollara yüksəlib. Dekabr gümüş fyuçersi isə 1,33% bahalaşaraq bir unsiya üçün 51,77 dollar təşkil edir.
“Bazar iştirakçıları ABŞ-də dekabr ayında faiz dərəcəsinin endirilməsi ehtimalını yenidən qiymətlərə daxil etməyə başlayıblar”, – UBS analitiki Covanni Staunovo bildirib.
ABŞ FED-in növbəti iclasının nəticələri 10 dekabrda açıqlanacaq. “CME Group”un məlumatına görə, analitiklərin 83%-i uçot dərəcəsinin 3,5–3,75%-ə endiriləcəyini proqnozlaşdırır.
“Biz qızılın qiymətində yaxın perspektivdə daha da artım görürük. İl sonuna proqnozumuz bir unsiya üçün 4 200 dollar, gələn ilin ortasına isə 4 500 dollardır”, – Staunovo əlavə edib.







