Dünyanın ən böyük 100 silah istehsalçısının 2024-cü ilin yekunlarına görə gəliri 679 milyard dollar təşkil edib ki, bu da əvvəlki illə müqayisədə 5,9% çoxdur. Bu barədə Stokholm Sülh Tədqiqatları İnstitutunun (SIPRI) hesabatında qeyd olunur.
Məqalədə bildirilir ki, 2024-cü ildə silaha tələbat Ukraynadakı döyüş əməliyyatları və Qəzza zolağındakı müharibə, qlobal və regional siyasi gərginlik, həmçinin müdafiə xərclərinin davamlı artması səbəbindən yüksəlib. 2018-ci ildən bəri ilk dəfə olaraq dünyanın ən böyük beş silah şirkətinin hamısı gəlirlərini artırıb.
ABŞ şirkətlərinin ötən il silah satışından ümumi gəliri 334 milyard dollar (+3,8%) təşkil edib. “Lockheed Martin”, “Northrop Grumman” və “General Dynamics” də daxil olmaqla 39 Amerika şirkətindən 30-u gəlirlərini artırıb.
Rusiya da daxil olmaqla Avropanın ən böyük 26 silah istehsalçısından 23-ü gəlirini artırıb. Ümumi gəlir 151 milyard dollar (+13%) olub. Gəlirlərin ən kəskin artımı Çexiyanın “Czechoslovak Group” şirkətində qeydə alınıb — şirkət bir ildə 3,6 milyard dollar qazanıb (+193%).
Dünyanın ən böyük 100 silah istehsalçısı siyahısına iki Rusiya şirkəti də daxildir — “Rostex” və “Birləşmiş Gəmiqayırma Korporasiyası”. Onlar 2024-cü ildə birlikdə 31,2 milyard dollar (+23%) gəlir əldə ediblər.






