15 C
Baku
Tuesday, December 2, 2025

“Ağlaya-ağlaya satdım”: SoftBank-ın rəhbəri Nvidia-dakı payın satış səbəblərini açıqladı

SoftBank-ın süni intellektə, o cümlədən OpenAI-a sərhədsiz investisiya imkanı olsaydı, qrafik prosessor istehsalçısı Nvidia-dakı payını satmazdı. Bunu holdinqin qurucusu Masayesi Son Tokioda keçirilən FII Priority Asia forumunda bildirib, Bloomberg yazır.

“Mən bir dənə də olsun səhm satmaq istəmirdim. Sadəcə olaraq OpenAI-a və digər layihələrə yatırım etmək üçün daha çox pula ehtiyacım var idi. Nvidia səhm­lərini satanda ağlayırdım”, — deyə Son bildirib.

Bloomberg qeyd edir ki, bu, SoftBank-ın Nvidia-dakı paydan imtina etməsindən sonra Sonun ilk şərhidir. Noyabr ayında Yaponiya şirkəti həmin payı 5,8 milyard dollara satdığını açıqlamışdı. O vaxtdan bəri SoftBank-ın Tokio birjasındakı səhmlərinin dəyəri 25%-dən çox azalıb.

Son həmçinin süni intellektlə bağlı şirkətlərin səhmlərində “köpük” mövzusuna da münasibət bildirib. Onun fikrincə, süni intellekt köpüyündən danışanlar “o qədər də ağıllı insanlar deyil”. Əgər süni intellekt uzunmüddətli perspektivdə dünya ÜDM-nin 10%-i qədər gəlir gətirə biləcəksə, bu, trilyonlarla dollarlıq xərcləri asanlıqla kompensasiya edəcək. “Bəs haradadır köpük?” — deyə o sual edib.

Son zamanlar SoftBank OpenAI-a yatırımlarını əhəmiyyətli dərəcədə artırıb: süni intellekt sahəsinə yüksək bağlılıq və milyardlarla dollarlıq öhdəliklər qrupun risklərini artırır, çünki ChatGPT-nin yaradıcısının liderliyi itirə biləcəyi ilə bağlı hər hansı işarə şirkət üçün təhlükə yaradır, Bloomberg qeyd edir. Dekabrda SoftBank OpenAI-a 22,5 milyard dollar həcmində vəd etdiyi investisiyanı ödəməlidir. Bundan əlavə, noyabrda Yaponiya qrupu Amerika çip istehsalçısı Ampere Computing-i 6,5 milyard dollara satın alıb.

Son xəbərlər
Digər xəbərlər