12 C
Baku
Thursday, December 4, 2025

Füzulidə 22 hektarlıq Mərkəzi park salınacaq – tikintiyə 2026-cı ildə başlanacaq

İşğaldan azad edilmiş torpaqlarda aparılan genişmiqyaslı quruculuq işləri ilə yanaşı, həmin ərazilərdə, o cümlədən Füzuli şəhərində yeni yaşıllıqların və parkların salınması istiqamətində də ciddi addımlar atılır. Belə layihələrdən biri də Füzuli şəhərində salınacaq Mərkəzi parkdır.

Bu sözləri Qarabağ Dirçəliş Fondunun mətbuat katibi Babək Cahandarov bildirib.

O qeyd edib ki, Füzuli şəhərinin yeni Baş planına əsasən, 22,47 hektar ərazidə Mərkəzi parkın salınması nəzərdə tutulur: “Qarabağ Dirçəliş Fondunun sifarişi və maliyyə dəstəyi ilə salınacaq park kompleksi şəhər sakinlərinin asudə vaxtlarının səmərəli keçirilməsinə imkan yaradan məkana çevrilməklə yanaşı, ekoloji turizmin dəstəklənməsinə, eləcə də sağlam və təbii ekoloji mühitin yaranmasına və qorunub saxlanmasına da şərait yaradacaq. Park ərazisində istirahət zonaları, multifunksional açıq yaşıllıq sahələri, iaşə zonaları, piknik və idman məqsədilə istifadə ediləcək zonalar, qaçış üçün cığırlar, velosiped yolları, amfiteatr, kafe-restoranlar və s. obyektlərin, eləcə də “Bayraq”, “Poeziya” və “Ürək” guşələrinin yaradılması, subartezian quyularının və elektrik şəbəkəsinin tikintisi planlaşdırılır. Eyni zamanda, parkda ərazinin relyefinə və ekoloji mühitinə uyğun olaraq Eldar şamı, Şərq çinarı, leylandr, italyan şamı, ağcaqayın, söyüd, zeytun kimi ağac növlərinin, həmçinin müxtəlif dekorativ kolların və çiçəklərin əkilməsi nəzərdə tutulur”.

Babək Cahandarov əlavə edib ki, Mərkəzi parkın layihə-smeta sənədlərinin ekspertizadan keçirilməsi işləri başa çatmaq üzrədir. Tikinti işlərinə 2026-cı ilin ilk yarısında başlanması planlaşdırılır.

MənbəAZƏRTAC
Son xəbərlər
Digər xəbərlər