Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubunun və Portuqaliya millisinin hücumçusu Kriştianu Ronaldu süni intellekt sahəsində fəaliyyət göstərən “Perplexity AI” startapında pay əldə edib, bu barədə şirkətin bəyanatına istinadən “Bloomberg” yazıb. Agentliyin qeyd etdiyinə görə, bu, futbolçunun ən diqqətçəkən investisiyasıdır.
Ronalduya məxsus payın həcmi və müqavilənin maliyyə şərtləri açıqlanmır. “Perplexity” bildirib ki, futbolçu ilə qlobal tərəfdaşlıq yaradılıb. Bu tərəfdaşlıq investisiyalarla yanaşı, “Perplexity” saytında “CR7” adlı interaktiv bölmənin istifadəyə verilməsini də əhatə edir. Bu bölmədə fanatlar Ronaldunun karyerası ilə tanış ola, nadir şəkillərə və digər materiallara, o cümlədən əfsanəvi qolların videolarına baxa və onların arxasındakı hekayələri öyrənə biləcəklər. Gələcəkdə bölməyə yeni materiallar və eksklüziv məhsullar əlavə ediləcək.
“Perplexity” 2022-ci ildə yaradılıb, onun həmtəsisçilərindən və texniki direktoru olan şəxslərdən biri Denis Yaratçdır. “Bloomberg” qeyd edir ki, bu, ən sürətlə böyüyən süni intellekt startaplarından biridir. Şirkət süni intellekt əsaslı öz axtarış sistemini yaradır və özünü “Google”un rəqibi kimi təqdim edir. Sentyabr ayında keçirilmiş investisiya raundundan sonra “Perplexity”in dəyəri 20 milyard dollar olaraq qiymətləndirilib.








