Dekabrın 5-də “Naxçıvan Muxtar Respublikasının 2026-cı il büdcəsi haqqında” Naxçıvan Muxtar Respublikasının qanun layihəsinin müzakirəsi məqsədilə Ali Məclis komitələrinin birgə iclası keçirilib.
Bu barədə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən məlumat verilib.
İqtisadi siyasət komitəsinin sədri Emin Şıxəliyev vurğulayıb ki, Naxçıvan Muxtar Respublikasının 2026-cı il büdcəsinin gəlirlərinin 483 milyon 178 min manat, xərclərinin 483 milyon 178 min manat məbləğində təsdiq edilməsi nəzərdə tutulub.
Diqqətə çatdırılıb ki, 2026-cı il üzrə Naxçıvan Muxtar Respublikasının büdcəsinin layihəsinə nəzər saldıqda gəlir mənbələri üzrə 2025-ci ilə nisbətən 64 milyon 120 min manat və ya 30,9 faiz artım müşahidə olunur. Həmçinin 2026-cı il üzrə büdcə gəlirləri ilk dəfə olaraq ayrılmış dotasiya məbləğini üstələyib.
Naxçıvan Muxtar Respublikasının maliyyə naziri Həsən İsmayılov və iqtisadiyyat naziri Kazım Hüseynəliyev qanun layihəsi barədə məlumat veriblər.
İqtisadi siyasət komitəsinin rəyi oxunub, qanun layihəsi yeddinci çağırış Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbəti iclasının müzakirəsinə təqdim edilib.







