13 C
Baku
Saturday, December 6, 2025

“S&P Global Ratings” Azərbaycanın reytinqi üzrə proqnozunu “müsbət”ə yüksəldib

“S&P Global Ratings” beynəlxalq reytinq agentliyi Azərbaycanın uzun və qısa müddətli xarici və yerli valyutada suveren kredit reytinqlərini “BB+/B” səviyyəsində təsdiqləyib və ölkə üzrə proqnozu “sabit”dən “müsbət”ə yüksəldib.

Bu barədə reytinq agentliyindən bildirilib.

Bununla belə vurğulanıb ki, daha sonra reytinqlər emitentin – Azərbaycan hökumətinin – müraciəti əsasında geri götürülüb.

Agentliyin məlumatına əsasən, proqnozun yaxşılaşdırılması Azərbaycan ilə Ermənistan arasında gərginliyin azalması, davamlı de-eskalasiya, sülh razılaşmasına doğru irəliləyiş və hər iki ölkədə 2026-cı il büdcəsində müdafiə xərclərinin azaldılması ilə bağlı gözləntiləri əks etdirib. S&P qeyd edir ki, bu amillər münaqişə risklərini azaldır və davamlı olduğu halda investor etimadını artıraraq orta müddətli iqtisadi artımı dəstəkləyə bilər.

S&P həmçinin Azərbaycanın güclü fiskal və xarici mövqeyinin qorunduğunu vurğulayıb. Dövlət Neft Fondu (SOFAZ) tərəfindən idarə olunan böyük aktivlər, davamlı xalis hökumət aktiv mövqeyi və aşağı dövlət borcu ölkəyə “əlamətdar şok-uduculuq qabiliyyəti” verir və makroiqtisadi sabitliyi təmin edir.

Agentlik Azərbaycanın sülh prosesində irəliləyiş əldə etdiyini, xüsusən də 2025-ci il avqustun 8-də ABŞ vasitəçiliyi ilə imzalanmış birgə bəyanatın əhəmiyyətini qeyd edib. Bu sənəd qarşılıqlı tanınma, ərazi iddialarından imtina, sərhədlərin delimitasiyası və regional nəqliyyat yollarının açılmasını nəzərdə tutur. S&P bildirir ki, noyabr ayında Qazaxıstandan gələn təxminən 1 000 ton buğda daşıyan qatarın Azərbaycan vasitəsilə Ermənistana 30 ildən sonra ilk dəfə keçməsi regional iqtisadi normallaşmanın real göstəricisidir.

Agentliyin qiymətləndirməsinə görə, əgər Azərbaycanın fiskal göstəriciləri zəifləsə və ya enerji gəlirləri neft hasilatının sürətlə azalması səbəbindən kəskin düşsə, proqnoz yenidən “sabit”ə endirilə bilərdi. Əksinə, güclü fiskal və xarici profisitlərin qorunması və Ermənistanla normallaşmanın davamlı şəkildə irəliləməsi reytinqin artırılmasına səbəb ola bilərdi.

MənbəAPA
Son xəbərlər
Digər xəbərlər