“Microsoft”un rəhbəri Satya Nadella bildirib ki, korporasiya Hindistana 17,5 milyard dollar yatırım edəcək. Onun sözlərinə görə, bu, “Microsoft”un Asiyadakı ən böyük investisiyasıdır. Vəsait Hindistanda süni intellekt infrastrukturunun inkişafına, bu sahədə mütəxəssislərin təliminə və ixtisasartırmasına yönəldiləcək. “Microsoft” rəhbəri bu bəyanatı Nyu-Dehlidə Hindistanın Baş naziri Narendra Modi ilə şəxsi görüşündən sonra verib.
“Bloomberg” agentliyinin qeyd etdiyi kimi, son zamanlar “Microsoft” müxtəlif ölkələrdə öz Sİ əməliyyatlarının inkişafına xüsusilə fəal şəkildə sərmayə yatırır. Noyabr ayında şirkət Portuqaliyada data-mərkəzin tikintisinə 10 milyard dollar investisiya edəcəyini açıqlamışdı. Həmin ay “Microsoft” BƏƏ-də data-mərkəzlərin yaradılması və əməkdaşların təlimi üçün təxminən 8 milyard dollar ayırmışdı. Sentyabr ayında isə şirkət Böyük Britaniyada Sİ infrastrukturunun inkişafına 30 milyard dollar sərmayə qoyacağını bildirmişdi.








