Azərbaycan Mərkəzi Bankı “Greentek Group” MMC-də ödəniş xidmətlərinin müvəqqəti olaraq dayandırılması barədə göstəriş verib.
Banker.az bunu AMB-yə istinadən xəbər verir.
Belə ki, həyata keçirilən plandankənar yoxlama çərçivəsində istifadəçilərə ödəniş hesablarının qanunvericiliyin tələblərinə uyğun qaydada açılmadığı, internet resurslar vasitəsilə aparılan qanunsuz fəaliyyətlərin qarşısının alınmasında xətalara yol verilməsi faktlarının aşkar edilməsi ilə əlaqədar olaraq, “Mərkəzi Bank haqqında” Azərbaycan Respublikasının Qanununun 48.2.4-cü və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” Azərbaycan Respublikasının Qanununun 63.1-ci maddələri rəhbər tutularaq, lisenziya çərçivəsində göstərilən bütün ödəniş xidmətlərinin (ödəniş xidməti istifadəçilərinin vəsaitlərinin geri qaytarılması əməliyyatları istisna olmaqla) müvəqqəti olaraq dayandırılması barədə göstəriş verilib.
Əldə etdiyimiz digər məlumatda 8 oktyabr 2025-ci il tarixindən lisenziya çərçivəsində göstərilən bütün ödəniş xidmətləri dayandırıldığı qeyd edilib.
Xatırladaq ki, “Greentek Group” MMC 2008-ci ildə “ABU SİTİ” MMC adı ilə təsis edilsə də, elə həmin il rebrendinq edərək “Panorama Siti” MMC kimi fəaliiəy gösətərib. 2019-cu ildən isə indiki adı ilə fəaliyyət göstərir. Hazırda 1 873 160 manat nizamnamə kapitalı var.
Şirkət 18 sentyabr 2024-cü ildən Mərkəzi Bankdan lisenziya əldə edib. Onun lisenziyasına – kredit köçürməsi, birbaşa debitləşmə, ödəniş kartı və ya digər oxşar ödəniş alətləri ilə ödəniş əməliyyatlarının icrası; ödəniş əməliyyatının ekvayrinqi; elektron pulun emissiyası və elektron pul ilə ödəniş əməliyyatlarının icrası; ödəniş əməliyyatlarının aparılması üçün vasitəçilik xidməti.






