10 C
Baku
Friday, December 12, 2025

Niyə süni intellekt bumu dotkom bumuna bənzəmir

Silikon vadisində yenidən yeni texnologiyaya böyük ümidlər bağlanır. Lakin hazırkı həyəcan 1990-cı illərin sonundakı dotkom qızdırmasının sadəcə bir təkrarı deyil.

Dotkom bumu – 1990-cı illərin ortalarında başlamış nəzarətsiz hədsiz nikbinlik və həyəcan dövrü – müasir rəqəmsal dünyanın əsasını qoymuşdur. 2000-ci ilin martında internet-maniya çökmə ilə nəticələnəndə isə bu, kifayət qədər ciddi nəticələrə gətirib çıxardı.

Böhran Silikon vadisindən ümumi iqtisadiyyata yayıldı və onu resessiyaya sürüklədi. Bazar kapitallaşmasından 5 trilyon dollardan çox azalma oldu. İşsizlik 4 faizdən 6 faizə yüksəldi. Bu, tarixdəki ən dəhşətli çökmə deyildi, amma “sərxoşluqdan ayılma” bir neçə il davam etdi.

Bu gün Silikon vadisi süni intellekt bumu mərkəzindədir; bu bum bir çox cəhətdən dotkom dövrünü xatırladır. Parlaq gələcək haqqında ritorika demək olar ki, eynidir. Yenidən sərvətlər qazanılır, bəzən də bunu edənlər ilk dəfə həmin sərvəti qazanmış eyni texnologiya mütəxəssisləridir. Dünən mövcud olmayan şirkətlərə indi fantastik dəyər verilir.

Lakin bütün bu oxşarlıqlara baxmayaraq, nəticələrin tamamilə fərqli ola biləcəyini göstərən çoxlu fərqlər də var. Ən başlıcası budur ki, süni intellekt sahəsini maliyyələşdirən və nəzarətdə saxlayanlar bu dəfə çoxmilyardlı korporasiyalardır – Microsoft, Google və Meta . Onların iflas riski demək olar ki, yoxdur. Dotkom dövründə isə bumu əsasən sadəcə bir ideyadan və mühəndis komandasından ibarət olan startaplar sürükləyirdi.

Məsələn, Amazon süni intellekt üçün məlumat mərkəzlərinə milyardlar xərcləsə də, bu, onun daha az diş pastası satması demək deyil. Google süni intellektin fundamental modellərini hazırlayır, amma bu, onun reklam satışlarını azaltmır.

1990-cı illərdə internet yeni platforma idi. İnsanların “onlayn olmaq” ideyasını qəbul etməsi, eləcə də genişzolaqlı internet kimi texnologiyaların formalaşması vaxt tələb edirdi. İndi isə əksinə, bir çox biznes-liderlər süni intellekti mümkün qədər tez tətbiq etməyə çalışırlar.

Daha bir fərq ondadır ki, süni intellektin inkişafı qarşısında nisbətən az tənzimləyici maneə var. Tramp administrasiyası süni intellektli gələcəyə yol açmaq üçün əlinə gələn hər şeyi edir. Klinton administrasiyası isə 1990-cı illərdə texnoloji arenada tam başqa istiqamətə gedərək Microsoft-u məhkəməyə vermişdi.

Süni intellekt ətrafında yaranan başqa bir mühüm fərq də budur: vəziyyətin nəzarətdən çıxmasından doğan narahatlıq paradoksal olaraq hələ ki onun həqiqətən nəzarətdən çıxmadığının əlamətidir.

Vençur investor Ben Horowitz elektron məktubunda belə yazıb:
«Köpüklər o zaman yaranır ki, hamı qiymətlərin düşə bilməyəcəyinə inanır. Bu gün əslində köpükdə olmadığımızın ən açıq əlaməti odur ki, hamı məhz köpükdən danışır».

O bildirir ki, yalnız son skeptik də yanıldığını etiraf edib süni intellekt sahəsində öz investisiya şirkətini yaradanda panikaya düşmək və “sığınacaq” axtarmaq lazım gələcək.

«Hazırda biz hələ belə bir “kapitulyasiyanı” müşahidə etmirik», – Horowitz qeyd edir.

Dotkom və süni intellekt bumlarını birləşdirən daha bir cəhət ondan ibarətdir ki, hər iki halda investisiyalar çox dar sektora yönəlib. 2000-ci ildə vençur kapitalının 80 faizi internet-şirkətlərinə yatırılırdı. Bu il yatırımların 64 faizini süni intellekt startapları alıb. Bu yanaşmanın texniki adı budur: “bütün yumurtaları bir səbətə yığmaq”.

Ancaq miqyas baxımından bu iki bum kəskin şəkildə fərqlənir.

Dotkom dövrünün ən bahalı üç şirkəti – Cisco, Microsoft və Intel – internet startaplarının fəaliyyət göstərə bilməsi üçün zəruri texnologiyaları təmin edirdilər. Pik nöqtədə bu şirkətlərin hər biri təxminən 500 milyard dollar dəyərində qiymətləndirilirdi.

Bugünkü süni intellekt bumunun mərkəzində oxşar rolu oynayan istehsalçı – çip istehsalçısı Nvidia – artıq 5 trilyon dollar dəyərə çatıb. Ona Amazon, Google, Meta və özəl OpenAI kimi digər süni intellekt-oyunçularını da əlavə etsək, bu şirkətlərin ümumi dəyəri 2000-ci ildə bütün fond birjasının (təxminən 17 trilyon dollar) dəyərini geridə qoyur.

Bu fərq həm narahatlıq doğurur, həm də əksinə, müəyyən inam yaradır. Məhz bu qədər var-dövlət və təsir gücü sayəsində Federal Ehtiyat Sisteminin sədri Cerom Pauell narahat olmağa ciddi əsas görmür. O, oktyabr ayında belə demişdi:
«Bu şirkətlərin həqiqətən real biznes-modelləri, gəlirləri və s. var. Ona görə də dotkom köpüyü ilə müqayisədə, bu, tamamilə başqa hekayədir».

Dotkom bumu böyük ölçüdə “aşağıdan yuxarıya” inqilab idi. Ölkənin hər yerindən insanlar çantalarını götürüb San-Fransiskoya yollanırdılar – sırf 150 il əvvəlki qızıl hərisliyi dövründə olduğu kimi. 1996-cı ildən 2001-ci ilə qədər 2200-dən çox dotkom şirkəti birjaya çıxdı. O zaman bu, inanılmaz dərəcədə böyük rəqəm kimi görünürdü.

Süni intellekt isə bunun əksinə olaraq daha az kütləvi hadisədir. OpenAI, Google, Meta və Microsoft yüksək səviyyəli kadrlar uğrunda geniş şəkildə mediada işıqlandırılan mübarizə aparsalar da, lazımi bacarıqları olmayanlar üçün demək olar ki, heç bir şans yoxdur. .ai domeni ilə bitən 972 min internet ünvanı mövcuddur, amma onların neçəsinin həqiqətən həyat qabiliyyətli biznes olduğu qaranlıq qalır.

Horowitz, süni intellekt sahəsində iri investor olmaqdan əvvəl, karyerasına 1990-cı illərdə internet brauzerini populyarlaşdıran Netscape şirkətində başlamışdı. Netscape dotkom bumu dövründə necə qaçılmaz fiqur idisə, bu gün də OpenAI süni intellekt bumunda elə həmin rolu oynayır. Lakin bu proseslərin miqyası kəskin şəkildə fərqlənir.

«1996-cı ildə Netscape brauzer bazarının 90 faizinə nəzarət edirdi, amma cəmi 50 milyon istifadəçimiz var idi, – Horowitz xatırlayır. – Beləliklə, bütün internetin bazarı 55 milyon nəfərdən ibarət idi və onların da təxminən yarısı dial-up bağlantıdan istifadə edirdi. Həmçinin internet xidmətlərini yaratmaq üçün proqram təminatı son dərəcə xam və bahalı idi – eynilə avadanlıq və şəbəkə tutumu kimi».

Onun sözlərinə görə, onlayn dəvətnamə xidməti göstərən Evite şirkətində 290 mühəndis çalışırdı. Nəticədə bir çox dotkom-bizneslər yaşaya bilmədi: onların məhsulları çox bahalı idi, istifadəçi bazası isə çox kiçik.

Horowitz-in fikrincə, süni intellekt tam başqa hekayədir. «İnternet şəbəkədir və onun dəyəri istifadəçi sayının artması ilə artır, – o izah edir. – 1996-cı ildə onlayn mağazalar əhalinin yalnız kiçik bir hissəsinə çata bilirdi. Bu gün isə Amazon demək olar ki, hər kəs üçün əlçatandır».

Süni intellekt isə, Horowitz-in sözlərinə görə, kompüter kimidir. «Kompüterlər ilk gündən gözəçarpan iqtisadi effekt gətirir. Süni intellektlə isə bu, daha da doğrudur, – o əlavə edir. – Süni intellektə əsaslanan məhsullar o qədər effektiv olub ki, indi bizim müşahidə etdiyimiz gəlir artımı indiyə qədər görünməmiş templə gedir».

Reflexivity şirkətinin həmtəsisçisi və prezidenti Cüzeppe Sette hesablayıb ki, süni intellektin mənimsənilməsi internetin ilkin mərhələsinə nisbətən 15-60  dəfə daha sürətli gedir.

«Mən sizə ehtimal hesablamalarına söykənən cəsarətli bir fərziyyə irəli sürüm: bu dəfə hər şey başqa cür olacaq, – o deyir. – Bu iddia cəsarətlidir, amma onu əsassız da adlandırmaq olmaz».

Eyni zamanda, süni intellekt bumunun narahatlıq doğuran bir tərəfi var ki, ona az diqqət yetirilir: fırıldaq sxemləri üçün zəmin getdikcə daha da əlverişli olur. Deməli, dotkom dövrünün ən şübhəli cəhətləri geri qayıda bilər.

Dotkom bumu dövründə şirkətlər satdıqları məhsullardan əldə etdikləri gəliri şişirdilmiş qiymətləndirmələrə uyğunlaşdırmaq üçün nəhəng təzyiq altında qalırdılar. Bəzilərinə bunu qanuni yollarla etmək müyəssər olurdu. Digərləri isə müxtəlif fəndlərə əl atırdı. Məsələn, daşınmaz əmlak elanları platforması Homestore.com (6 milyard dollar dəyərində qiymətləndirilən şirkət) mallara və xidmətlərə görə artıq ödənişlər edirdi. Təchizatçılar bu pulları iki media şirkətində reklama xərcləyir, həmin media şirkətləri isə öz növbəsində həmin vəsaitlə Homestore-dan reklam alırdılar. Nəticədə Homestore-un on bir rəhbəri dələduzluqda ittiham olundu.

Son aylarda aparıcı süni intellekt şirkətləri arasında bağlanan mürəkkəb sövdələşmə şəbəkəsi xüsusi diqqət cəlb edir. Oktyabrda J.P. Morgan analitikləri bazar icmalında qeyd ediblər:
«Müəyyən ehtiyatlılıq zərər etməz», – lakin eyni zamanda vurğulayıblar ki, bu gün bağlanan sazişlər dotkom dövründəki sazişlərə bənzəmir. «Görünən odur ki, kapital süni intellektə axır, süni intellekt isə kapitalın arxasınca qaçmır», – icmalda deyilir.

Nə yüksəliş, nə də çökmə ssenarisindən asılı olmayaraq, bir şeydən əmin olmaq olar: Silikon vadisi yenə də öz qayğısına qalmağı bacaracaq.

Horowitz deyir:
«Süni intellekt məhsullarının hamısı möcüzə deyil, hətta işlək də deyil. Onların hamısının şirkətlər puldan tam tükənənə qədər öz effektivliyini sübut etməyə vaxt tapıb-tapmayacağı isə qaranlıqdır. Elə bu səbəbdən özəl bazarlarda həddindən artıq şişirdilmiş aktivlərin olması faktdır. Məhz buna görə də mən hələ də bu biznesdəyəm».

Son xəbərlər
Digər xəbərlər